“Bizim çox ədalətli və dürüst hakimlərimiz var. Lakin bəzi hakimlər vətəndaş müraciətlərinə münasibətdə fərqli mövqe sərgiləyirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu bu gün keçirilən plenar iclasdakı çıxışı zamanı deyib.
Deputat bildirib ki, bəzi hakimlər qəbul otağından edilən zənglərə cavab verməkdən yayınır, bunu məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndirirlər.
Onun sözlərinə görə, vətəndaşların şikayətləri ilə bağlı edilən zənglər hakimlərə müdaxilə məqsədi daşımır, sadəcə, məsələnin mahiyyətini öyrənməyə xidmət edir.
“Biz hakimlərə müdaxilə etmirik. Yanımızda şikayətçi olur, ona görə zəng edirik ki, məsələnin necə olduğunu öyrənək. Bəzi hakimlər isə məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipindən istifadə edərək özləri üçün qoruyucu çətir yaradırlar ki, şikayət predmeti olan məsələlərdən yayınsınlar. Düşünürəm ki, bu məsələ nəzərə alınmalıdır”, – deyə Hikmət Babaoğlu vurğulayıb.
Deputat çıxışında iştirak edən ədliyyə nazirinin müavininə də müraciət edərək məsələnin diqqətdə saxlanılmasını istəyib.
Zeynəb Rzayeva
















