• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Nazir: “Hamı dayanıqlılıq axtarır"

İQTİSADİYYAT

25 Sentyabr 2026 | 10:34 | Müəllif: Günəş Mərd

Nazir: “Hamı dayanıqlılıq axtarır"

“Qloballaşma öz formasını dəyişir, tərəfdaşların etibarlılığı və təchizat zəncirlərinin dayanıqlılığı iqtisadi qərarlarda daha böyük əhəmiyyət qazanır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda bizneslər və hökumətlər ticarət əlaqələrini hansı istiqamətlərdə prioritetləşdirməli olduqlarını və hansı bağlantılara etibar edə biləcəklərini yenidən nəzərdən keçirirlər.

“Bu proses qloballaşmanın öz formasını dəyişdiyi bir dövrdə baş verir. Səmərəlilik, əlbəttə ki, vacib olaraq qalır. Lakin tərəfdaşların etibarlılığı və təchizat zəncirlərinin dayanıqlılığı iqtisadi qərarların qəbulunda və siyasətdə daha böyük əhəmiyyət daşıyır”, - deyə nazir vurğulayıb.

M.Cabbarov qeyd edib ki, Azərbaycanın bu prosesə cavabı uzunmüddətli tərəfdaşlıq nəticəsində qazanılmış etimad üzərində qurulmaq, regionlar arasında bağlantıları gücləndirmək və bu bağlantılardan dəyər, rifah və qarşılıqlı əlaqəlilik yaratmaq üçün istifadə etməkdir.

Nazirin sözlərinə görə, son altı il ərzində pandemiya, gəmiçilikdə yaranan fasilələr və davam edən geosiyasi gərginliklər uzaq görünən bir şokun ölkə daxilində istehsalı nə qədər sürətlə dayandıra biləcəyini göstərib.

O bildirib ki, tariflər, subsidiyalar və ixrac nəzarətləri də strateji sənaye sahələrinin yerləşmə istiqamətlərinə getdikcə daha çox təsir edir.

“Hamı dayanıqlılıq axtarır. Hesab edirəm ki, bu, tamamilə təbiidir. Lakin dayanıqlılığın da öz qiyməti var. Təchizat zəncirlərinin təkrarlanması və texnologiyalara çıxışın məhdudlaşdırılması çox vaxt istehsalı daha da bahalaşdırır. Kiçik iqtisadiyyatların beynəlxalq əməkdaşlığı və ticarəti açıq saxlamaqda marağı isə artır”, - deyə M.Cabbarov bildirib.

Nazir əlavə edib ki, hökumətlər bütün xarici təsirləri aradan qaldıra bilməz. Onun sözlərinə görə, hökumətlər siyasətlərini daha proqnozlaşdırılan edə və razılaşmalara əməl olunacağını göstərə bilərlər.

M.Cabbarov Azərbaycanın etimadın məhz bu prinsiplər üzərində qurulmasına üstünlük verdiyini deyib. O, Azərbaycanın uzunmüddətli öhdəliklərini yerinə yetirməsini buna nümunə kimi göstərib.

Nazir “Əsrin müqaviləsi”nin 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın aparıcı enerji şirkətlərinin konsorsiumu ilə imzalandığını və bunun Azərbaycanla qlobal enerji şirkətləri arasında əməkdaşlığın güclü modelini formalaşdırdığını xatırladıb.       

O qeyd edib ki, Azərbaycan üç onillikdən artıq müddətdə tərəfdaşları ilə əməkdaşlıq edərək ölkənin sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, regionda və ondan kənarda bir sıra ölkələrin etibarlı enerji təchizatçısına çevrilib.  

“Bu gün Azərbaycan qazı 16 ölkəyə, o cümlədən Avropa İttifaqının bir sıra üzv dövlətlərinə tədarük olunur. Bu, Azərbaycanı coğrafi əhatə baxımından dünyanın aparıcı boru kəməri qazı təchizatçılarından birinə çevirir. Azərbaycanın neft və neft məhsulları tədarük etdiyi ölkələrin sayı isə daha çoxdur”, - deyə M.Cabbarov vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026