• Bakı 21° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Prezidentin Nyu-York səfəri: Sülh gündəliyinin dünyaya təqdimatı

SİYASƏT

23 Sentyabr 2025 | 15:05

Prezidentin Nyu-York səfəri: Sülh gündəliyinin dünyaya təqdimatı

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ölkəmizin beynəlxalq gündəminin mühüm hadisələrindən biridir.

Dünyanın ən böyük siyasi tribunasına çevrilmiş bu platforma dövlətlərin öz mövqelərini qlobal auditoriyaya çatdırmaq üçün mühüm imkan yaradır. Prezidentin Nyu-York səfəri həm Azərbaycanın beynəlxalq statusunu möhkəmləndirmək, həm də yeni regional reallıqlar fonunda sülh gündəliyini dünyaya təqdim etmək baxımından əhəmiyyət daşıyır.

Azərbaycan uzun illər ərzində işğal problemi ilə üzləşərək beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarlarının icrasını gözlədi. Lakin qəbul olunmuş qətnamələr kağız üzərində qaldı, ədalətin bərpası istiqamətində real nəticələr əldə olunmadı. Bu isə Azərbaycanın öz gücünə arxalanaraq ərazi bütövlüyünü təmin etməsinə gətirib çıxardı. Beləliklə, sülh və sabitlik BMT-dən gəlməsə də, Azərbaycan bunu öz milli iradəsi və gücü hesabına reallığa çevirdi. Bu fakt, eyni zamanda, beynəlxalq münasibətlər sistemində güc və iradənin həlledici rolunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev son illərdə beynəlxalq tribunalardan çıxış edərkən dəfələrlə vurğulayıb ki, münaqişələrin həlli yalnız beynəlxalq hüququn prinsipləri, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması əsasında mümkündür. Bu mövqe Azərbaycanın sülh çağırışlarının mahiyyətini açıqlayır və regionda dayanıqlı təhlükəsizliyin təmin olunması üçün əsas istiqamətləri göstərir. Azərbaycanın mövqeyi artıq təkcə regional maraqlara deyil, həm də qlobal miqyasda sabitlik və əməkdaşlıq gündəliyinə xidmət edir.

Hazırkı mərhələdə Azərbaycan dayanıqlı sülhün əldə olunması üçün fəal diplomatiya yürüdür, regionda yeni əməkdaşlıq formatlarını təşviq edir. BMT Baş Assambleyası isə bu siyasətin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün ən münasib tribuna rolunu oynayır.

İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın sülh təşəbbüslərinin təkcə regionda deyil, bütün dünyada tanıdılması və dəstəklənməsi üçün əhəmiyyətli bir addımdır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR