• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qərbin Azərbaycana qərəzi: Klaarın açıqlamaları sülh prosesinə kölgə salır

SİYASƏT

29 Mart 2024 | 12:41

Qərbin Azərbaycana qərəzi: Klaarın açıqlamaları sülh prosesinə kölgə salır

“Toivo Klaarın məlum statusu bir sıra Avropa dövlətlərinin, Qərb təsisatlarının Azərbaycana qərəzinin və ikili standartların növbəti təzahürüdür”.

Bunu Bakıvaxtı.az-a deputat Ceyhun Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın növbəti qərəzli bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından danışır, həmin kəndlərin sakinləri ilə görüşür, konstruktiv əməkdaşlığa qədəm qoymağa çalışır. Belə fonda Aİ rəsmisi Toivo Klaar isə sülh prosesini zədələyəcək açıqlamalar verir, Azərbaycana qarşı ittihamlar səsləndirir.

Deputat qeyd edib ki, Azərbaycanın konkret və qəti mövqeyi var:

“Beynəlxalq hüquqa əsasən ərazilərimizin boşaldılmasını və geri qaytarılmasını tələb edirik. Tələblərimiz qeyri-qanuni deyil. Ermənistan da bu məsələyə artıq razılıq verib. Klaar və digərləri indiki mərhələdə sülhə töhfə verməli, bölgəyə sülhün, sabitliyin gəlməsinə çalışmalıdırlar”.

Ceyhun Məmmədov: Klaar və digərləri indiki mərhələdə sülhə töhfə verməli, bölgəyə sülhün gəlməsinə çalışmalıdırlar

Müsahibimiz bildirib ki, bir tərəfdə Azərbaycan-Ermənistan konstruktiv əməkdaşlığını və müəyyən məsələlər ətrafında razılaşmaları görürük. Digər tərəfdən isə Qərb təşkilatlarının rəsmiləri Bakını ittiham edərək, sülh prosesini pozmağa çalışırlar. Azərbaycanda ermənilərə məxsus heç bir ərazi yoxdur:

“Amma Ermənistanın işğalında olan Azərbaycan kəndləri var. İndi müzakirə olunan məsələ də həmin kəndlərin Azərbaycana qaytarılmasıdır. İlkin mərhələdə anklav olmayan dörd kəndin, sonra isə digər ərazilərin geri verilməsi nəzərdə tutulur. Hesab edirik ki, mövcud şəraitdə ancaq prosesə töhfə verəcək açıqlamalara yer verilməlidir. Qərəzə, ədalətsizliyə, ikili standartlara son qoyulmalıdır".

Xatırladaq ki, Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar növbəti dəfə qərəzli bəyanatla çıxış edib. O, Azərbaycan mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb. Avropa Birliyinin nümayəndəsi Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməyi tələb etmək əvəzinə, həmin əraziləri “mübahisəli” adlandıraraq faktiki olaraq İrəvanı işğalçı siyasətini davam etdirməyə çağırıb.

Halbuki, erməni mediası işğal altında saxlanılan Qazaxın 7 kəndinin geri qaytarılmaması üçün təxribatçı təbliğatını aktiv şəkildə davam etdirir. Erməni mediası yerli sakinləri də qızışdıraraq, onların “silahlı müqavimət göstərəcəyini” bildirir və Azərbaycanı hədələməklə məşğul olur. Hətta “Döyüş qardaşlığı” və ya “Milli Demokratik Qütb” adlı təşkilatların İrəvanda və Qazaxın işğal altındakı kəndlərində faktiki terror fəaliyyətlərini müdafiə edir. Ermənistanda polis bölməsinə bomba ilə hücum edənlərə misilsiz informasiya dəstəyi göstərən, onların həbsinə qarşı çıxan da erməni mediasıdır. Ona görə də Klaarın statusu həddindən artıq ermənicanlıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib ki, Toivo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür. Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur. A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2024