Rumıniyanın Baş naziri Marçel Çolaku rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının şurasının iclasından sonra istefa verdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "Partiya həmkarlarıma koalisiyadan çıxmağı təklif etmişəm ki, bu da mənim baş nazir vəzifəsindən istefa verməyimlə nəticələnəcək", - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, prezident seçkilərinin ikinci turundan sonra yeni çoxluq formalaşana qədər hazırkı nazirlər müvəqqəti olaraq vəzifələrini icra edəcəklər.
***19:27
Rumıniyanın Baş naziri Marçel Çolaku prezident seçkilərinin birinci turunun nəticələrinə görə sabah istefa verdiyini elan edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Agerpres” agentliyi hökumətdəki mənbələrə istinadən bildirib.
Hakim koalisiyanın liderləri prezident seçkilərinin birinci turunun nəticələrini müzakirə etmək üçün bazar ertəsi görüşüblər. Bundan başqa, Sosial-Demokrat Partiyasının Milli Siyasi Şurasının iclası planlaşdırılıb.
"Baş nazir Marçel Çolaku hakim koalisiyanın iclasında Sosial-Demokrat Partiyasının rəhbərliyindəki həmkarları ilə ilkin müzakirədən sonra çərşənbə axşamı baş nazir vəzifəsindən istefasını elan edəcəyini bildirib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Rumıniyada mayın 4-də keçirilən prezident seçkilərinin birinci turunda millətçi “Rumınların Birləşməsi Alyansı” (RBA) partiyasının rəhbəri Ceorce Simion 41 % səslə birinci yeri, Buxarest meri Nikuşor Dan 21 % səslə ikinci yeri, hazırkı hakim koalisiyanın nümayəndəsi Krin Antonesku isə 20,1 % səslə üçüncü yeri tutub. Seçkilərin ikinci turu mayın 18-də keçiriləcək.