• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiya-Ukrayna müharibəsi: Bu ssenari əməliyyatların müvəqqəti dayandırılmasını nəzərdə tutur

DÜNYA

23 Avqust 2024 | 14:18 | Müəllif: Əli Hüseynov

Rusiya-Ukrayna müharibəsi: Bu ssenari əməliyyatların müvəqqəti dayandırılmasını nəzərdə tutur

Rusiya-Ukrayna müharibəsi - 2014-cü ildə başlayan və 2022-ci ilin fevral ayında daha geniş miqyasda yenidən alovlanan bu münaqişə yalnız hərbi cəbhədə deyil, eyni zamanda siyasi, iqtisadi və sosial müstəvilərdə də mühüm təsirlər yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bu müharibənin sonu və gələcəyi ilə bağlı proqnozlar müxtəlif amillərdən asılıdır. Bura hər iki tərəfin hərbi gücü, beynəlxalq dəstək və təzyiqlər, iqtisadi imkanlar və daxili siyasi sabitlik kimi məsələlər daxildir.

Hazırda daha da aktivləşən müharibədə hər iki tərəfin rolu artmağa başlayıb. Ukraynanın Rusiyaya hücumlarının da başlaması onu deməyə imkan verir ki, artıq müharibə saha da şiddətlənir.

Bəs bu vəziyyətin sonu tərəfləri hara aparır? Sonluqla bağlı hansı ssenarilər düşünülür?

Kazım Kazımov: Bu müharibə həm qlobal, həm də lokal təsirlidir

Bu barədə Bakıvaxtı.az-a fikirlərini bölüşən politoloq Kazım Kazımov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin sonu indiki vəziyyətdə bir neçə fərqli istiqamətdə inkişaf edə bilər. Onun sözlərinə görə, bu müharibə həm regional, həm də qlobal miqyasda geniş təsirlər yaradır və müxtəlif faktorların qarşılıqlı təsiri ilə müəyyənləşir.

Müsahibimiz qeyd edib ki, ilk növbədə münaqişənin hərbi cəhətinə nəzər saldıqda, Rusiya və Ukrayna arasında qarşıdurmanın uzun müddət davam etməsi ehtimalı yüksəkdir. Hər iki tərəf öz mövqeyindən geri çəkilmək istəmir və bu hal müharibənin uzanmasına səbəb olur. Bu vəziyyət regionda davamlı qeyri-sabitliyə, iqtisadi zərərlərə və humanitar böhrana səbəb ola bilər.

Müharibənin başqa bir ehtimalı kimi müvəqqəti barışıq və ya dondurulmuş münaqişə nüansına toxunan K.Kazımov diqqətə çatdırıb ki, bu ssenari hərbi əməliyyatların müvəqqəti dayandırılmasını nəzərdə tutur:

"Lakin bu, əsl sülhü təmin etmir. Bu halda münaqişə yalnız səthdə sakitləşir, lakin gələcəkdə yenidən alovlanma riski qalır. Belə bir vəziyyət keçmiş Sovet İttifaqı məkanında tez-tez rast gəlinən dondurulmuş münaqişələrə bənzər şəkildə, illərlə davam edə bilər. Bu da müharibəni regionda davamlı gərginlik mənbəyinə çevirəcək".

Politoloq görə, daha optimist ssenari siyasi həll və sülh müqaviləsinin əldə olunmasıdır. Bu halda münaqişə tərəfləri beynəlxalq vasitəçilərin dəstəyi ilə uzunmüddətli sülhə nail ola bilərlər:

“Lakin bu, həm Rusiya, həm də Ukrayna üçün ciddi güzəştləri tələb edir. Krımın statusu və Ukraynanın Qərbə inteqrasiyası kimi məsələlər bu sülh müqaviləsinin həyata keçirilməsində əsas maneələrdən biri olaraq qalır. Belə bir müqavilə bağlanarsa, bu, regionda stabilliyin bərpasına və münaqişənin mənfi nəticələrinin aradan qaldırılmasına kömək edə bilər".

K.Kazımov xüsusilə vurğulayıb ki, müharibənin sonu yalnız hərbi cəbhədə deyil, həm də diplomatik, iqtisadi və sosial aspektlərdə geniş təsirlərə malikdir. Dediyinə görə, beynəlxalq sanksiyalar, hər iki ölkənin daxili vəziyyəti və böyük güclərin iştirakı bu münaqişənin gedişatını və nəticələrini müəyyən edən əsas amillərdir:

“Hər bir ssenari müxtəlif risklər və imkanlar yaradır və müharibənin hara gedəcəyi, bu faktorların necə inkişaf edəcəyindən asılı olacaq. Hazırkı mərhələdə isə, münaqişənin tezliklə başa çatması və davamlı sülhün əldə edilməsi çətin görünür, lakin bu istiqamətdə səylər davam edir".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026