• Bakı C

    7.3 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Səmaya sonuncu səfər - İTHAF

CƏMİYYƏT

07 Yanvar 2025 | 17:02

Səmaya sonuncu səfər - İTHAF

​​​​​​Hərbçilər arasında həmişə belə bir fikir olur ki, pilotlar və dənizçilərin fikir və düşüncələri, yaşam tərzləri digər zabitlərdən daha fərqli olur. Bunun səbəbi hər zaman mənim üçün maraqlı olub. Görəsən, səbəbi nədir? Onların fikirlərindəki fərqliliklər nələrdir? 

Bu fərqliliyi anlamaq üçün düşündüm ki, bir gün pilotla həmsöhbət olmalıyam. Qismət oldu, qırıcı təyyarələrimizdən birinin pilotu ilə həmsöhbət oldum. Dedikləri fikirlərdən bu nəticəyə gəldim ki, onlar yer üzünün qayğılarından, darıxdırıcı vərdişlərindən, gündəlik həyatdan uzaq bir yerdə yaşayırlar. Səmanın elə tam ortasında. 

Düşünürəm ki, hərbi pilotlar bir tərəfdən yüksəkdəki sərhədsiz səmada azadlıq hissini yaşayırlar, lakin hər uçuş onlar üçün həyatın və ölümün hər an qarşı-qarşıya gəldiyi bir sınaqdır. Yüksəklikdəki sükunət həm də bir qorxu ilə örtülüdür. Hər bir əmr, hər bir manevr həyatla ölüm arasındakı sərhədi təmsil edir. Təyyarə uçarkən hər şey dəyişir – sürət, yüksəklik, döyüş taktikası, amansız düşmənlər və zamanın necə keçdiyi...

Amma bunların hamısı bir məqsədin arxasında toplanır: vətənə xidmət etmək, döyüş yoldaşlarını qorumaq, təhlükəni uzaqlaşdırmaq.

Bu dünyada adı və xatirəsi daim yaşayacaq olan bir hərbi pilot var: polkovnik-leytenant Rəşad Atakişiyev. O, Azərbaycanın göylərində döyüşən, ölkəsinin sərhədlərini qorumaq üçün həyatını qurban verən qəhrəmandır.

Rəşad Atakişiyev yalnız bir pilot deyil, həm də bir millət uğrunda canını fəda etmiş bir qəhrəmandır. Onun qəhrəmanlığı yalnız uçuşlarında deyil, həm də döyüşlərin və müharibənin ən çətin anlarında göstərdiyi mərdlikdə, cəsarətdə və vətən sevgisində də özünü göstərmişdir. O hər bir hərbi pilotun arzusunun tərifi olan, göy üzündəki təhlükəni gözƏ alaraq hər zaman irəli gedən, geri çəkilməyən bir ruhu təmsil edir.

Hərbi pilotlar üçün vətən yalnız bir anlayış deyil, bir həyat tərzidir - və bu tərz Rəşadın son anına qədər ardıcıl olaraq yaşadığı dəyərlərdir. Onun uçuşları yalnız hərbi missiya deyil, həm də böyük bir andır: vətənin, xalqının və yaxınlarının hüzurunda olan bir borc. O, yüksəkdə, göy üzündəki sükunət içində belə, yer üzündən bütün diqqətini və ürəyini uzaqlara yönəldən qəhrəman idi...

Hərbi pilotların dünyasında uçmaq hər şeydir. Lakin, onlar hər uçuşda bir daha başa düşürlər ki, bu azadlıq yalnız bir neçə saatlıq bir hissdir. Rəşad Atakişiyev isə ömürlük azadlığa çatdı - daxili gücü və mənəvi zənginliyi onu ən çox aşiq olduğu nöqtəyə ucaltdı. 

Rəşad Atakişiyev yalnız uçmaqla deyil, eyni zamanda müqəddəs bir vəzifəni yerinə yetirməklə də əbədi olaraq azadlığa çatdı. Onun vətənə xidmət etdiyi hər bir an bir daha heç vaxt geri qayıtmayacaq bir yüksəklikdə qalacaq - səma adlanan, onun aşiq olduğu, ucalardan uca yüksəklikdə...

Qəhrəman pilot ömürlük azadlığa çatmaqla öz canını qurban verərək bütün pilotlara, bütün insanlara, azadlıq və şəhidlik anlayışını bir daha xatırlatdı.

Ruhun şad olsun, azad pilot! Əbədi uçuş ezamiyyətin və doğum günün mübarək... Bəlkə də, bu gün sənin doğum günün deyil, səmaya qalxdığın gündür sənin doğulduğun gün...

Əli Hüseynov


SON XƏBƏRLƏR