Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "Tayqa" market anbarı ilə birlikdə yanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.
TƏBİB-dən saytımıza verilən məlumata görə, yanğın zamanı 24 yaşlı şəxs qabırğanın dəqiqləşməmiş sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospital olunub.
Həmçinin ətrafda olan avtomobillərə zərər dəyib.
Maraqlıdır, bu kimi yanğınlarda vətəndaşın əmlakına dəyən zərəri kim ödəməlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sığorta eksperti Vüsal Kərimov bildirib ki, belə yanğın halları zamanı bazara dəymiş zərərin qarşılanması üçün həm bazar sahibi, həm də mağazaları icarəyə götürənlər öncədən həm ticarət obyektlərini, həm də oradakı malları sığorta etdirməlidirlər.
Vüsal Kərimov, sığorta eksperti
V.Kərimov qeyd edib ki, bu halda, sığorta şirkətləri dəyən zərəri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə qarşılayarlar.
Avtomobillərə dəymiş zərərdən danışan ekspertin sözlərinə görə, bu cür hallarda könüllü sığortanın (kasko) əhəmiyyəti bir daha ortaya çıxır. Müsahibimiz vurğulayıb ki, avtomobillər könüllü sığorta ilə təmin olunubsa, sığorta şirkəti dəymiş zərəri qarşılayacaq:
“Əgər sığorta yoxdursa, hadisə aidiyyəti orqanlar tərəfindən araşdırıldıqdan və təqsirkar müəyyən edildikdən sonra, zərərçəkənlər mülki məhkəmə qaydasında dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdirlər”.
Mina Mikayılova