“BakuBus” qadınların ictimai nəqliyyatda sürücü kimi fəaliyyət göstərməsinə təşviq məqsədilə yeni vakansiya elan edib.
Bakıvaxtı.az-ın məlumatına görə, şirkət gender bərabərliyini dəstəkləyən addım ataraq, avtobus sürücüsü peşəsinin təkcə kişilərə deyil, qadınlara da açıq olduğunu vurğulayıb. Bu elan bir tərəfdən qadınların əmək bazarındakı rolunun gücləndirilməsi, digər tərəfdən isə ictimai nəqliyyatda müasir və inklüziv idarəetmənin təşviqi kimi qiymətləndirilir.
Yeni vakansiya şəhər ictimaiyyətində maraqla qarşılanıb.
Aslan Əsədov: Sərnişinlər qadın sürücülərə hər zaman anlayışla və diqqətlə yanaşacaqlar
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, “BakuBus”un xanım sürücülər üçün vakansiya elan etməsi həm iş qrafiki baxımından, həm də gender bərabərliyi kontekstində unikal təşəbbüsdür.
O qeyd edib ki, zaman-zaman müxtəlif nəqliyyat vasitələrində qadın sürücülərlə qarşılaşmışıq:
"Xanımların istedadı və fiziki bacarığı hər zaman yüksək səviyyədə olub və bundan mükəmməl şəkildə bəhrələnmişik. Bu gün insanlar üçün əsas olan odur ki, canlarını əmanət etdikləri sürücü yol hərəkəti qaydalarını mükəmməl şəkildə bilsin və əməl etsin".
Ekspert əlavə edib ki, cəmiyyətimizin mentalitetində və dəyərlərində qadınlara qarşı xüsusi münasibət və diqqət mövcuddur:
"Mən düşünürəm ki, sərnişinlər qadın sürücülərə hər zaman anlayışla və diqqətlə yanaşacaqlar".
Seyidfatimə Abbasova: Bu, emosional gərginlik, perfeksionizm və özünü tənqid etmə ilə müşayiət oluna bilər
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Seyidfatimə Abbasova bildirib ki, cəmiyyətin “qadınlar sükan arxasında zəifdir” kimi köhnəlmiş stereotipləri bu peşədə çalışan qadınların özünü sübut etməyə məcbur qalmasına, davamlı nəzarət və tənqid qorxusu ilə yaşamasına səbəb ola bilər. Bu isə emosional gərginlik, ümidsizlik, özünə şübhə və hətta tükənmişlik sindromu ilə nəticələnə bilər. Qadın sürücülər bəzən sadəcə işlərini görmək əvəzinə, “daha yaxşı olmaq məcburiyyətində” hiss edirlər.
Onun sözlərinə görə, belə sahələrdə çalışan qadınlar üçün psixoloji dəstək yalnız problemləri həll etmək üçün yox, həm də emosional dayanıqlığı gücləndirmək, özünəinamı artırmaq və stereotiplərlə psixoloji mübarizədə tək olmadıqlarını hiss etdirmək üçün çox vacibdir:
"Bu fərdi terapiya, sosial-psixoloji treninqlər, qrup dəstəyi şəklində ola bilər. Xüsusilə bu sahəyə yeni başlayan qadınlar üçün mentor dəstəyi ilə birlikdə psixoloji xidmətlər psixoloji rifahı və peşədə qalma ehtimalını artırır. Sözsüz ki, atılan hər bir yeni addım müəyyən dərəcədə cəmiyyətdə dalğalanmalar və stres yarada bilər. İnanıram ki, vaxtında aparılan psixoprofilaktik tədbirlər cəmiyyətimizin bu yeniliyə uyğunlaşmasında və qadınların psixoloji rifahının təmin olunmasında faydalı olacaq".
Psixoloq qadın sürücülərin ailələrindən aldığı motivasiyalı dəstəkdən də bəhs edib:
"Sosial dəstək psixoloji sağlamlığın əsas dayaqlarındandır. Ailənin, həyat yoldaşının və yaxın çevrənin “yanındayam”, “sən bacararsan” mesajı qadının özünü güvəndə hiss etməsini və özünə inamına müsbət təsir edərək, streslə mübarizəni asanlaşdırır. Əksinə, ailə tərəfindən verilən “camaat qınayacaq”, “söz atacaqlar”, “başımız ağrıyacaq”, “qadınsan, bu sənlik deyil” kimi mesajlar qadının daxili konfliktlər yaşamasına, potensialını sərbəst ifadə edə bilməməsinə, eləcə də, Maslou piramidasına istinad etsək, hər bir insanın ehtiyacı olan hörmət və özünü aktuallaşdırmasına mane olmasına səbəb ola bilər".
"Belə sahələrdə çalışan qadınlar çox zaman həm cəmiyyətin təzyiqini, həm də öz daxili səsini daşıyırlar: “Birdən səhv etsəm, qadın olduğum üçün qınayacaqlar”. Bu, davamlı özünü sübut etmə ehtiyacı, emosional gərginlik, perfeksionizm və özünü tənqid etmə ilə müşayiət oluna bilər. Bu yüklənmələr uzun müddət davam etdikdə emosional tükənmə, hətta təşviş pozuntuları və depressiv əlamətlər ortaya çıxa bilər",- deyə Seyidfatimə Abbasova vurğulayıb.
Yusif Nəbiyev: Əgər istəyirlərsə, bizim buna hörmət etməkdən başqa seçimimiz yoxdur
Sosioloq Yusif Nəbiyev də mövzu ilə bağlı Bakıvaxtı.az-a danışıb. Onun sözlərinə görə, cəmiyyətdə qadınların yol təmiri, yük maşını sürücülüyü və s. kimi qeyri-ənənəvi peşələrdə görünməsi hələ də bir çoxları üçün “şok” effekti yaradır. Səbəbi sadədir: biz cinsiyyətə görə əmək bölgüsünü yüz illərlə norma kimi qəbul etmişik.
Müsahibimizin dediyinə görə, sosiologiyanın qurucu atalarından olan Emile Durkheim öz məşhur “əməyin sosial bölgüsü” nəzəriyyəsində qeyd edirdi ki, cəmiyyətlər funksional sabitlik üçün insanları rollara bölür. Bu bölgü isə zamanla təbii və ya funksional yox, normativ bölünmə kimi görünməyə başlayır.
İnsanlar unudurlar ki, şərtlər, şərait dəyişərsə bu bölgülər də dəyişə bilər. Avtobus sürücüsü olan bir qadın görəndə yaşadığımız şokun səbəbi də bu unutqanlıqdır.
"Qadınların fiziki cəhətdən kişilərdən geridə qaldığı bilinən bir gerçəklikdir. Vaxtilə müəyyən bölgülər də bu səbəblə edilib. Lakin zamanla məsələ fiziki güc müstəvisindən aralanıb və simvolika müstəvisinə keçib. Cəmiyyət qadını fədakar ana, zərif həyat yoldaşı, səssiz, sakit görməyə öyrəşib. İndi isə peşəkar bir qadının texniki iş görməsi bu stereotipi istər-istəməz sarsır. Nəticədə isə bəzi insanlar bu fərqliliyi, qeyri-adiliyi təhlükə kimi qəbul edir".
Sosioloqun sözlərinə görə, bu cür reaksiyaların kökündə duran düşüncə və davranış vərdişləri insanların aid olduqları sosial mühitdən qaynaqlanır:
"Əgər bir cəmiyyətin sosial və mədəni kodlarına görə qadın texniki iş görməməlidirsə, bu davranış anormallıq kimi dəyərləndirilir. Halbuki, qadınlar belə sahələrdə çalışmaqla sadəcə peşə seçimi edirlər, burada cinsiyyət normalarını pozan bir amil yoxdur".
"Amma yaxşı xəbər budur ki, bu kimi stereotiplər get-gedə qırılır. Geriyə qalır insanların, xüsusilə də xanımların özlərinin bu şəraitdə seçim etmələri. Həqiqətənmi avtobus sürmək istəyirlər? Həqiqətənmi həftələrlə TIR sükanı arxasında oturmaq istəyirlər? Əgər istəyirlərsə, bizim buna hörmət etməkdən başqa seçimimiz yoxdur. Olmamalıdır da",- deyə Yusif Nəbiyev vurğulayıb.
Nuriyyə Musayeva