Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində münsif qismində çıxış edən Azərbaycanın tanınmış sənətçisi Samira Efendinin Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verməsi və həmin iştirakçının Efendiyə yaxınlaşaraq onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Samira Efendi və komandasının Bakıvaxtı.az-a açıqlamasında bildirilib ki, hadisə münsiflik etikası, səhnə mədəniyyəti və insani münasibətlər çərçivəsində baş verib. Açıqlamada bu jestin milli-mənəvi dəyərlərə hörmətsizlik kimi təqdim olunmasının həqiqəti əks etdirmədiyi vurğulanıb.
Sənətçinin yaradıcılıq fəaliyyəti boyunca milli dəyərlərə sadiqliyini daim nümayiş etdirdiyi xüsusi qeyd olunub. Xatırladılıb ki, 2023-cü ildə “Altın Kelebek” mükafatından əldə etdiyi bütün gəlir Azərbaycan şəhidlərinin övladlarına və Türkiyədə zəlzələ nəticəsində ailəsini itirmiş uşaqlara bağışlanıb. Həmçinin, “Səs Azərbaycan” layihəsində çıxışından sonra o, şəhid ailələrinin övladları, eləcə də daun və autizm sindromlu uşaqlar üçün təşkil olunan sosial tədbirlərdə dəfələrlə iştirak edib.
Açıqlamada hazırkı Azərbaycan–Ermənistan sülh prosesinə də toxunularaq, sülh sazişinin paraflanması və qarşılıqlı nümayəndə heyətlərinin səfərlərinin regionda yeni reallıq formalaşdırdığı qeyd edilib. Bu səbəbdən beynəlxalq platformalarda nümayiş etdirilən humanist jestlərin yanlış anlaşılmamasının xüsusi önəm daşıdığı vurğulanıb.
Samira Efendi məsələyə “Tarixin Bir Günü” verilişində münasibət bildirərək deyib:
“Mən hər zaman xalqımın yanındayam. Şəhidlərimizin xatirəsi mənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülh siyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimi tarix yaddaşı mənim üçün dəyişməzdir – biz keçmişi unutmuruq, unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir; övladlarımıza daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi – musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram".
Sonda vurğulanıb ki, Samira Efendi istər yaradıcılıq fəaliyyətində, istər şəxsi mövqeyində Azərbaycan dəyərlərinə sadiq qalır və ölkənin humanizm yönümlü sülh siyasətini dəstəkləməkdə davam edir.
Əli Hüseynov
Bakı 



