Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan anlaşma memorandumu imzalanıb.
Bu barədə Bakıvaxtı.az BP-yə istinadən xəbər verir.
Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100 % iştirak payına malikdir.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 %-nə malikdir.
"Əsrin müqaviləsi”nin 30-cu ildönümündə SOCAR ilə BP arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığı daha da genişləndirəcək Anlaşma Memorandumunun imzalanmasından məmnunluğumu ifadə edirəm. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə otuz il öncə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin enerji sektorunda əldə etdiyi tarixi uğurların əsasını qoydu. Biz Ulu Öndərimizin müəyyənləşdirdiyi enerji strategiyasına uyğun olaraq, Xəzər dənizində enerji sektoru üzrə tərəfdaşlığımızın genişləndirilməsinə, innovasiyaların tətbiqi ilə davamlı inkişafımızın təmin olunması istiqamətlərində fəaliyyətlərimizi davam etdiririk”, - deyə SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Qarabağ və ADUA bloklarının kəşfiyyatı və işlənməsində iştirakı ilə bağlı SOCAR-la müzakirələrə başlamağa imkan verən anlaşma memorandumunu imzalamaqdan məmnunluq ifadə edib: "Biz bunu SOCAR-la 30 illik uzun və çox uğurlu tərəfdaşlığımızın davamı olaraq birgə işləməyə imkan verəcək növbəti gözəl imkan kimi görürük. İnanırıq ki, bu iki blokun işlənməsi və kəşfiyyatında iştirakımız mümkün sinerjilər vasitəsilə layihələrin irəliləyişini sürətləndirə bilər. Belə ki, biz birlikdə bu blokların işlənmə variantlarını müəyyənləşdirərkən elə ssenarilər ola bilər ki, onlar bu regionda əməliyyatçısı olduğumuz dünya səviyyəli infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradar. Bu, həm də hər iki layihəyə BP-nin qlobal təcrübəsinə, texniki və kommersiya biliklərinə, qabaqcıl texnologiyalarına və maliyyə resurslarına çıxışı təmin edərdi. Bu əhəmiyyətli biznes imkanının həyata keçəcəyinə və onun reallaşmasında SOCAR-ın dəstəyinə inanırıq".