Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi 15 avqustdan bu yana ABŞ-la ilk rəsmi danışıqlar həyata keçirib. Oktyabrın 9-11-də ABŞ və Taliban təmsilçiləri Qətərin paytaxtı Dohada iki günlük danışıqlar aparıb.
Danışıqlarda ABŞ-ın müxtəlif dövlət qurumlarının (Dövlət Departamenti, kəşfiyyat qurumları, Beynəlxalq İnkişaf Agentliyi (USAİD)) təmsilçiləri iştirak edib. Qarşı tərəfdən isə Taliban hökumətinin xarici işlər nazirinin müavini Əmir Xan Müttəqinin rəhbərlik heyət iştirak edib.
Doha danışıqlarında əsas mövzular Əfqanıstanı tərk etmək istəyən əcnəbilər. əsasən də amerikalıların ölkəni təhlükəsiz şəkildə tərk etməsinə şəraitin yaradılması, qadınların dövlət və ictimai işlərdə təmsilçiliyi də daxil olmaqla insan haqları ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ABŞ tərəfi əfqan xalqına yardım edilməsi il bağlı söz verib.
Danışıqlardan həm ABŞ, həm də Taliban tərəfi razı qalıb. Heyətin başçısı Müttəqi danışıqlarda iki tərəf arasında yeni səhifənin açılmasını müzakirə etdiklərini deyib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə Doha danışıqlarının səmimi, peşəkar və müsbət havada keçdiyini deyib.
Onun sözlərinə görə, danışıqlarda Əfqanıstanda terror təhdidinin artması, Taliban və ABŞ-ın İŞİD-K adı verilən terror qruplaşmasına qarşı birgə əməliyyatları müzakirə olunub. Çünki sözügedən qruplaşma hər iki tərəf üçün təhlükə törədir. Həmçinin ABŞ-ın Əfqanıstana koronovirus əleyhinə vaksin yardımı edilməsi qərarlaşdırılıb.
Danışıqlarda o da məlum olub ki, ABŞ Əfqanıstan dövlətinin Amerika banklarında olan aktivlərini donduracaq. Amma hələlik bunun Doha razılaşmalarına hansı təsiri edəcəyi bilinmir.
Məsələ ondadır ki, Dohada Taliban və ABŞ arasında keçirilən danışıqlar bir neçə məqamına görə xüsusi əhəmiyyət kəsb edir. Birincisi, ilk dəfə ABŞ Taliban hakimiyyətini tanıdı və onun təmsilçiləri ilə bir masa arxasında əyləşib Əfqanıstanın problemlərini müzakirə etdi. Bu, Talibanın leqallaşması və tanınması yolunda ciddi addımdır. Vaşinqton Talibanı legitim hakimiyyət kimi qəbul etməsə də, onun Əfqanıstanın de-fakto hakimi olduğunu qəbul edir və ölkənin problemlərini onunla müzakirə edir. Bu ciddi dəyişiklikdir. Mümkündür ki, Vaşinqtonun əsas tələblərinə cavab verdiyi təqdirdə qarşıdakı dövrdə Taliban və Vaşinqton arasında əlaqələr daha da istiləşsin. Baxmayaraq ki, tanınma hələ bir müddət gündəmdə olmayacaq.
İkinci mühüm məsələ Əfqanıstanda terror təhdididir. Taliban Kabilə nəzarəti ələ keçirdikdən dərhal sonra amerikalılar Əfqanıstanı tərk etməmiş Kabil hava limanında baş vermiş İŞİD-K adlı terror qruplaşması tərəfindən törədildiyi elan olundu. İŞİD-in Əfqanıstanda “vilayət” elan etməsi 2014-cü ildə elan olunub. Sonrakı illərdə xüsusən də şimal əyalətlərində İŞİD öz varlığını göstərib. Kabil hava limanında 2 amerikalı hərbçinin ölümü, 10-dan çoxunun isə yaralanması ilə nəticələnən terror aktının məsuliyyətini öz üzərinə götürən isə “İŞİD-K”, ya da açması ilə İŞİD-in Xorasan (İran və Əfqanıstanın bir hissəsini əhatə edən qədim vilayət adı – red.) nisbətən yeni idi.
Yeri gəlmişkən, İŞİD-K Doha görüşündən bir gün əvvəl oktyabrın 8-də Əfqanıstanın şimalında Qunduz vilayətinin Seyid Abad rayonunda şiə məscidində həyata keçirdiyi kamikadze terror aktı nəticəsində 46 nəfər ölüb, 143 nəfər isə yaralanıb.
Şiə məscidinin hədəfə alınması əlbəttə ki, ilk növbədə Əfqanıstanda məzhəb zəminində qarşıdurmaları alovlandırmaq məqsədi güdür. Əfqanıstanda hakimiyyətini möhkəmləndirməyə çalışan Taliban ilk növbədə qonşular və daxildəki həssas qruplarla yaxından işləməlidir. O da məlumdur ki, İran Əfqanıstandakı şiə qruplar, əsasən də Hazara tayfaları ilə yaxından əməkdaşlıq edir. Daxildə başlayacaq məzhəb gərginliyi daha yüksəldə, qeyri-sabitlik və İranla münasibətləri pisləşdirə bilər. Taliban bir dəfə bunun cəzasını 90-cı illərdə çəkib. Bu səbəbdən də indi “tələbələr” bu kimi mövzulara həssas yanaşır. Avqustda Əfqanıstanda
Məhərrəmlik mərasimlərinin Taliban tərəfindən mühafizə olunması, Taliban liderlərinin mərasimlərə qatılması bunun ifadəsi idi.
İndi isə rəqibləri Talibanı məhz bu həssas yerindən vurmağa çalışır. Digər tərəfdən, terror və qeyri-sabitliyin dərinləşməsi Talibanı digər ölkələrdən, xüsusən də ABŞ-dan yardım almasını şərtləndirir. Doha görüşünün əsas mövzularından biri də bu idi.
Analitik şöbə
Bakıvaxtı.az














