Məlum olduğu kimi, yas mərasimi Azərbaycanda təkcə dini yox, həm də sosial institut kimi formalaşıb. Uzun illər ərzində ehsan süfrəsi mərhumun ruhuna savab qazanmaq niyyəti ilə başlasa da, zamanla bu, sosial yarışa, maddi yükə və psixoloji təzyiqə çevrilib.
Bu gün bir çox ailə yas saxladığı günlərdə yasdan çox borc, xərc, qonaq sayı, süfrənin zənginliyi barədə düşünür. Bəzən kredit götürülür, qızıl satılır, aylıq gəlir tam xərclənir. Bu isə artıq dini və mənəvi mərasimi iqtisadi fəlakətə çevirir. Səbəb isə odur ki, cəmiyyətdə sosial təzyiq - “filankəs belə süfrə açdı, biz də açmalıyıq” düşüncəsi formalaşıb.
O da məlumdur ki, artıq bəzi kənd və rayonlarda qayda qoyulub ki, yas mərasimində yemək verilmir, süfrədə çay, limon, halva, xurma olur. Mütəxəssislər qeyd edir ki, bu model ona görə işləyir ki, hamı eyni anda qərara əməl edir. Heç kim kənara çıxmır, sosial təzyiq olmur.
Bəs bu modelin bütün ölkədə icra olunması üçün qanunla qadağaya ehtiyac varmı?
Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a danışıb.
Hüquqşünas təəssüflə qeyd edib ki, müəyyən səlahiyyəti çatan şəxslər və bu qaldırılan məsələyə dəstək verən bəzi qurumlar hələ də susqunluq nümayiş etdirirlər:
“Əslində, mənim bildiyim budur ki, İslamda bu cür yemək süfrələrinin açılması doğru deyil. Bu, dini mövhumatçılığın və dinin yanlış təbliğinin bir formasıdır. Çox təəssüf ki, bunu bilə-bilə bəzi din xadimləri və müəyyən işbazlar illərdir cəmiyyətə sırıyıblar. Nəticədə isə uzun illərdir yas düşən ailələr çox ciddi çətinliklərlə üzləşirlər.
Çox şükür ki, artıq Azərbaycanın bəzi bölgələrində, rayonlarında və hətta kəndlərində bu məsələyə fərqli yanaşma formalaşıb. Rayonların bir hissəsi bu qaydanı tətbiq edir, digərləri isə qaldırılan məsələyə uyğun addımlar atmağa başlayır. Bu tendensiya yavaş-yavaş sistemli şəkildə qəbul olunur. Artıq təmtəraqlı, dəbdəbəli yas süfrələrinin verilməsi gündəmdən çıxmaq üzrədir.
Əslində isə bu ehsanın dünyasını dəyişən insanla heç bir əlaqəsi yoxdur. Bir qədər eqoizm, bir qədər nümayiş, bir qədər də geri qalmamaq qorxusu imkansız ailələri də bu yarışa sürükləyir. Üstəlik, bəzi din xadimlərinin yanlış təbliğatı insanları “günaha batmamaq” düşüncəsi ilə bu süfrələri açmağa məcbur edir”.
Çingiz Qənizadə, hüquq müdafiəçisi
Hüquqşünas bununla bağlı Ağdaş rayonunda atılan addımı nümunə kimi göstərib. Onun sözlərinə görə, rayon rəhbərliyi, din xadimləri və ziyalılarla aparılan müzakirələrdən sonra yas süfrələrinin ləğvi ilə bağlı ortaq qərar qəbul olunub:
“Ağdaş rayon İcra Hakimiyyətinin başçısı, rayonun hörmətli ziyalıları ilə danışdım və belə bir qərara gəldik ki, rayonda bu təmtəraqlı yas süfrələri aradan qaldırılmalıdır.
Ondan əvvəl də anam rəhmətə getmişdi və onun 40 mərasiminin verilməsinə şərait yaratmadım. Hesab etdim ki, yenidən 300-500 nəfərlik süfrə açıb yemək verməyə ehtiyac yoxdur. Bir dana kəsərək yaxınlıqda olan kasıb ailələrə paylatdım və heç bir süfrə açmadıq. Ailə üzvlərimiz bir həyətdə oturduq və anamın 40 mərasimini bu şəkildə qeyd etdik. Palatka, stol-stul və digər bu kimi təşkilatlardan imtina etdim”.
Onun sözlərinə görə, ötən ilin avqust ayının sonlarından başlayaraq artıq Ağdaş rayonunun bütün kəndlərində bu cür yas süfrələrinin verilməsi qadağan edilib. Qəbul olunan qayda budur: çay, limon, xurma, qənd. Bundan başqa süfrəyə heç nə düzülmür.
Çingiz Qənizadə hesab edir ki, bu model digər rayonlar üçün də nümunə ola bilər. O, həmçinin bəzi din xadimlərinin və Qafqaz Müsəlmanları İdarəsinin hələ də bu məsələyə laqeyd yanaşdığını vurğulayıb:
“İnsanları düzgün yola yönəltmək, bu təmtəraqlı yas süfrələrindən imtina etməyə çağırmaq üçün kifayət qədər təbliğat aparılmır, səsləri çıxmır. Bunun çox böyük səbəbləri var və bu, ayrıca müzakirə mövzusudur.
Amma çox istərdim ki, jurnalistlər bu məsələni gündəmdə saxlasınlar və davamlı şəkildə işıqlandırsınlar. İnsanlar bizə sırınmış bu yalançı adət-ənənədən nə qədər tez uzaqlaşsalar, bir o qədər rahat yaşayacaqlar”.
Bakı 




