• Bakı C

    10.71 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Tramp yenə ikibaşlı oynayır: Amerika lideri Rusiyaya mesaj verir ki, əgər sülhə ehtiyacınız varsa...

DÜNYA

14 Yanvar 2025 | 10:56

Tramp yenə ikibaşlı oynayır: Amerika lideri Rusiyaya mesaj verir ki, əgər sülhə ehtiyacınız varsa...

“Yaxın gələcəkdə dünyada sabitliyin yaranacağına ümid bəsləmək sadəlövhlük olardı. Hazırda cərəyan edən geopolitik proseslər dövlətlərarası münasibətlərin qlobal səviyyədə daha da gərginləşəcəyini göstərir”.

Bunu Bakıvaxtı.az-a analitik Elçin Xalidbəyli ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə danışıqlara hazırlaşmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Trampın Kanadanı ABŞ-nin yeni ştatına çevirmək niyyətini bəlli etməsi, Danimarka krallığına bağlı Qrenlandiyanın nəzarətə alınması, eyni zamanda Panama kanalının ələ keçiriləcəyi nə dair bəyanatları onu göstərir ki, Tramp dönəmində ABŞ beynəlxalq hüquq normalarına uyğun gəlməyən səviyyədə başqa ölkələrin suveren hüquqlarına müdaxilə ediləcək:

“Bu da dünyada gərginliyi artıra və yeni qlobal savaşlar törədə biləcək prosesdir. Ancaq bütün bunların ərəfəsində Tramp üçün Ukrayna savaşının yükündən xilas olmaq olduqca vacibdir. Ona görə də Ağ evin yeni sahibi Ukrayna savaşını ən qısa zamanda dayandırmaq niyyətini bəyan edib. Burada da Tramp ikibaşlı oynayır. Bir tərəfdən savaşın qısa müddətdə dayanadırılacağını bildirir, digər yandan Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisində irəliləməsi, Rusiya dərinliklərinə zərbələrin endirilməsi ilə Rusiyanın vəziyyətinin daha da ağırlaşdırılmasına nail olur. ABŞ Kremlin sülhə can atmasını intensivləşdirir. Ona görə də Rusiya prezidenti Vladimir Putin Donald Trampla görüşə can atır. Çünki bir qədər də belə davam edərsə, Rusiyanın hərbi-siyasi çöküşü qaçılmaz ola bilər”.

Ekspert qeyd edib ki, Rusiya vaxt itirmədən Ukrayna savaşının dayandırılması istiqamətində Trampla anlaşmaya cəhd göstərir, amma bu mərhələdə hələlik Amerika lideri hiyləgər manevrlər etməyə başlayıb:

“Əvvəl, Tramp Ukrayna savaşının bir gün ərzində dayandıralacağını bildirmişdi, indi isə bunun üçün ən azı 6-7 ay vaxtın lazım olduğunu bildirir. Bununla da Rusiyaya mesaj verilir ki, əgər sülhə ehtiyacınız varsa, o zaman bəzi məsələləri güzəştə getməli olacaqsınız. Trampın əsas elan olunmuş hədəfləri Rusiya ilə sülhün Ukrayna əraziləri hesabına dayandırılması ilə bağlı idi, indi bu taktikasını nisbətən dəyişib. Elə bir şərait yaranıb ki, Tramp Ukraynadakı savaşı dayandırarkən Qərbdəki nüfuzunu qorumaq imkanlarını nəzərdən keçirmək şansına malikdir. Trampın əsas hədəflərindən biri ondan ibarətdir ki, Ukrayna kimi Rusiyanı da güzəştlərə məcbur etsin, qarşılıqlı güzəştlərlə sülh sazişinə nail olsun. Bu, ABŞ-nin starteji maraqlarına uyğundur. Bu mənada Trampın Putinlə görüşdə qarşı tərəfi sıxışdırmaq və güzəşətlər qoparmaq şansı mövcuddur. Bu mənada hesab etmək olar ki, görüşdə Ağ Evin yeni sahibi böyük ehtimalla Rusiyanın etməli olduğu güzəştləri ön plana çəkəcək”.

Elçin Xalidbəyli: Tramp Rusiyanın etməli olduğu güzəştləri ön plana çəkəcək

E.Xalidbəyli onu da əlavə edib ki, ABŞ yaxın aylarda Ukrayna savaşını dayandırmaqda maraqlı olacaq. Çünki Trampın Kanadaya hücumu əslində ABŞ-nin yaxın zamanlarda NATO ilə ciddi problemlərin olacağını göstərir:

“Çünki Kanada NATO ölkəsidir. Kanadanın suveren hüquqlarına olan müdaxilə əslində NATO-nun hüquqlarına müdaxilə kimi qəbul oluna bilər. Eyni zamanda Danimarkanın ərazisi hesab olunan Qrenlandiya məsələsi də təxminən eyni strateji manevr kimi görünür. Trampın Avropa İttifaqının (Aİ) ilə olan münasibətləri hər kəsə məlumdur. O, Aİ-nin sırdan çıxarılmasında maraqlı olduğunu gizlətmir. Danimarka da Aİ-nin üzvüdür. Vaşinqton Danimarkanın üzərinə basqı etməklə AB-ilə münasibətəri gərginləşdirməyə cəhd göstrəri. Bu gərginliyin sonunda da ABŞ-nin əsas iqtisadi rəqibi olan Aİ-ni sıradan çıxarmaq kimi bəhanə qazanmaq istəyir. Tramp həddindən artıq genişmiqyaslı bir oyunlara başlayıb, böyük ehtimalla onun strateji hədəflərinin reallaşdırılması prosesində Putinlə görüş başlanğıc mərhələ olacaq. Bu mərhələdə Rusiyanı müəyyən güzəştlərə məcbur etdikdən sonra onu oyundan kənar vəziyyətə salmağa çalışacaq.Ardınca da, ABŞ-nin NATO və Aİ ilə münasibətləri gərginləşdirə biləcək proseslərə start veriləcək və bununla da dünyada qlobal siyasi böhranın dərinləşməsinə yönəlik hadisələrin baş verməsi qaçılmaz olacaq”.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlara hazırlaşır. Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz “ABC News”a müsahibəsində bildirib. "Qarşıdakı günlərdə və həftələrdə Tramp və Putinin zəngini gözləyirəm".

Aydın Baxış


SON XƏBƏRLƏR

14 Yanvar 2025