Son günlər ürək tutmasından vəfat edən insanların sayında artım müşahidə olunur.
Maraqlıdır bunun belə çoxalmasının səbəbi nədir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən kardioloq Emil Hasilov bildirib ki, ürək tutmasından dünyasını dəyişənlərin sayında son günlərdə artım olduğuna dair xəbərlər eşidirik.
Kardioloq qeyd edib ki, bəzi şəxslərdə ürək xəstəliyi olduğu halda, çox vaxt özünü qabarıq büruzə vermir və əksərən də kişilər ürək narahatlığı olduğu halda bunu gözardı edirlər, həkimə müraciət etmirlər.
Son günlərdə yaranan hava şəraitinin kəskin dəyişkənliyi, yayılan virus infeksiyaları ilə əlaqədar əksər insanlarda yüksək bədən hərarəti, diareya, halsızlıq müşahidə olunur ki, bu da bədəndə maye həcminin azalmasına səbəb olur. Bu isə öz növbəsində qanın laxtalanma sisteminə və ürəyin işinə mənfi təsir edir. Müsahibimiz qeyd edib ki, bəzi xəstələrin övladlarının imtahan stressi və ümumilikdə artan stress də ürək damar hadisələrinin sayının artmasına səbəb olur:
“Arterial qan təzyiqi yüksək olan, şəkərli diabeti, ürəyin xronik işemik xəstəliyi olan xəstələrdə bu hallar təbii ki, onların vəziyyətini pisləşdirir və miokard infarktı riskini artırır. Son günlərdə havanın kəskin dəyişikliyi sonrası da xəstələrimizdən gələn zənglərin və ümumi kardioloji xəstə müraciətlərinin sayı artıb”.
Emil Hasilov: Havanın kəskin dəyişikliyi sonrası da kardioloji xəstə müraciətlərinin sayı artıb
Kardioloqa görə, sadəcə olaraq hər hansı bilinən xroniki xəstəliyi olan insanlar mütəmadi yaşadıqları ərazidə həkimə vaxtında müraciət etsələr, bu halların qarşısını vaxtında almaq və ölümün sayını azaltmaq olar.
“Hər kəsə sağlam qalmağı və səhhətinə diqqətlə yanaşmağı arzulayıram”, - deyə Emil Hasilov bildirib.
Mina Mikayılova