Qazax rayonunun Xanlıqlar kəndi ərazisində "SOCAR PETROLEUM" QSC-yə məxsus 7 saylı neft bazası sahəsində yanğın hadisəsi yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verən partlayışla əlaqədardır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə QSC-nin məlumatında deyilir.
Bildirilib ki, yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.
Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan İbrahimov Şamil Zabit oğlu həyatını itirib.
Qeyd olunub ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.
***
15:36
07.01.2026-cı il tarixində saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
14:47
Qazaxda avtomobildə baş vermiş partayış nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində "MAN" markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.
***
14:14
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
***
13:43
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Bakı 




