Bu gün Türkiyənin cənub-şərqində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artır.
Zəlzələ gözləmədiyimiz anda hər yerdə ola bilər. Bəs yeraltı təkan zamanı nə etməliyik?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, təbii fəlakət və təbiət hadisələrindən yüz faiz sığortalanmaq deyə bir anlayış yoxdur: “Yəni heç bir ölkə, məkan bundan sığortalanmayıb. Önləyici tədbirlər hadisə baş verməmişdən öncə, o an və sonra görülən tədbirlər olaraq 3 yerə bölünür. Ona görə, hadisə baş verməmişdən qabaq görüləcək tədbirləri gücləndirməklə təbii fəlakətlərdən minimal zərərlə çıxmaq olar".
Onun sözlərinə görə, əlbəttə, təbii fəlakətlər, təbiət hadisələri zamanı dağıntı və təlafatlar olur, insanlar həyatını itirir. Ona görə də, ilk növbədə, insanlar bu cür hadisələrə həm psixoloji, həm də bilgi baxımdan hazırlıqlı olmalıdır: "Yəni hər kəs ilkin təhlükəsizlik qaydalarını, o an nə etməli olduğunu bilməlidir. Təbii ki, insanın nə etməli olduğuna dair bilikləri olmazsa, hadisə vaxtı məlumatları kimdən alıb hara ötürməli olduğunu bilməyəcək. Bu da hadisənin daha da böyüməsinə, zərərin çoxalmasına səbəb olur”.
Ekspert qeyd edib ki, hər bir insanın evində yanmayan materialdan hazır çantası olmalıdır: “O çantada vacib sənədlər, bir neçə günlük qida ehtiyatı, tibbi yardım üçün lavazimatlar olması mütləqdir. Bu cür hadisələr zamanı dağıntı altında qalsa belə çantadakı fitdən, fanardan istifadə edərək yerini bildirə bilər. Digər tərəfdən, hər bir evdə təhlükəsiz yer müəyyənləşdirilməlidir. Bu, daxili qapıların arakəsmə hissələri ola bilər. Zəlzələ anında sotolun altına girmək olar. Ümumiyyətlə, evdə əşyalar elə düzülməlidir ki, zəlzələ, təbii fəlakət vaxtı nəsə adamın üstünə aşmasın. Həmin an xarici pəncərələrin yanında durmaq, çölə qaçmaq olmaz. Təhlükəsiz bir yer tapıb titrəmə bitənə qədər gözləmək lazımdır. Panikaya düşəndə adam nə etdiyini bilmir. İmkan varsa, birinci növbədə, su, qaz, işıq təminatını bağlamaq, həmin an işıq və oddan istifadə etməmək lazımdır. Çünki qaz sızması ola bilər. Zəlzələ anında çöldəyiksə, reklam lövhələri və binalardan maksimum uzaq olmalıyıq. Elə bir yer seçmək lazımdır ki, üzərinə hər hansı daş və dəmir parçası düşməsi”.
Müsahibimiz bildirib ki, bu cür ilkin, ardıcıl təhlükəsizlik qaydalarını bilməklə hadisədən minimum zərərlə çıxmaq olar. Ancaq heç kəz təbii fəlakətdən 100% sıöortalanmayıb. İnsanın yatdığı yerdə də belə bir hadisə baş verə bilər, heç xəbəri olmaz.
Aytac Aslan
















