Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü təkcə bir diplomatik tədbir deyildi - bu, Azərbaycanın siyasi və iqtisadi gücünün, bölgədə dəyişən reallıqların açıq nümayişinə çevrildi.
Xankəndi kimi simvolik bir məkanda baş tutan bu zirvə, dostlara güvən verən, düşmənlərə isə açıq mesaj göndərən mənzərə yaratdı.
Tədbirdə iştirak edən ölkələrin liderləri, regional əməkdaşlıq, inteqrasiya və iqtisadi tərəfdaşlıq sahəsindəki iradələrini nümayiş etdirdilər. İranın yeni prezidenti Məsud Pezeşkianın azad iqtisadi zona təklifi bu kontekstdə xüsusilə diqqət çəkdi. Onun bu təşəbbüsü həm regionun iqtisadi canlanması baxımından mühüm addım sayıla bilər, həm də Tehran-Bakı münasibətlərində yeni səhifə açmaq niyyətini göstərə bilər.
Zirvənin daha bir önəmli detalı - Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatarın Xankəndidə iştirakı oldu. Bu, təkcə İƏT-in fəaliyyət coğrafiyasının genişlənməsinin göstəricisi deyil, həm də Türk dünyasının həmrəyliyinin konkret ifadəsi idi. Şimali Kiprin varlığı uzun illərdir beynəlxalq hüquqda sual altında saxlanılsa da, bu cür platformalarda iştirak etməsi onun siyasi tanınmasına doğru kiçik, lakin prinsipial addımdır.
Bütün bu məqamlar fonunda Xankəndidəki zirvə təkcə bir diplomatik jest kimi deyil, həm də Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların bir təsdiqi kimi dəyərləndirilməlidir. Qarabağda müharibə bitdi, indi isə iqtisadi quruculuq və diplomatik liderlik mərhələsi başlayıb. Bu zirvə, Azərbaycanın yalnız hərbi yox, diplomatik və iqtisadi gücünü də sübut edən mühüm hadisə olaraq tarixə düşdü.
Züriyə Qarayeva