• Bakı 23° C

    13.98 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Yeganə millətik ki... – Qalib İbrahimoğlu yazır
YAZARLAR
25 Iyul 2024 | 11:49

Yeganə millətik ki... – Qalib İbrahimoğlu yazır

Millət olaraq vətənpərvərik. Dövlətimizi, bayrağımızı sevirik. Bununla qürur duyulasıyıq.

Millət kimi qonaqpərvərik. Yaxşıdı.

Bir millət olaraq mental dəyərlərə üstünlük veririk. Bəyənislin.

Böyüyün-kiçiyin yerini biliirk, adət-ənənələrimizi qorumağa çalışırıq. Bütün bunlar gözəldən də gözəldi.

Amma...

Amma millət, həm də yeganə millət olaraq, bəzən elə addımlar atırıq ki...

Məsələn, bəlkə yeganə millətik ki, avtobusda kondisioner işləyə-işləyə pəncərəni açıq saxlayırıq.

Yeganə millətik ki, marketdə növbədə əlimizə bir çörək alıb, növbədəkilərə “bir budu, olar bunu vurdurum” deyərək, müştərilərin etiraz dolu razılığını alandan sonra “filankəs, gəl, sağ olsunlar icazə verdilər” deyib, mağazanı “silib-süpürürük”.

Yeganə millətik ki, məktəb direktoruna pul verib övladımızı dərsdən yayındırırıq.

Dayanacaqda “BakıKart”ın terminalı olsa da, kartımızı əvvəlcədən yoxlamadan avtobusa minib aparatdan “kartınızda balans yoxdu” eşidəndən sonra sürücüyə, “şofer, ikicə dəqiqə gözlə, kartı yükləyim, gəlirəm” söyləyib terminalın qarşısındakıların da haqqına giririk. “Avtobus gözləyir, sən Allah, qoy bunu vurum” deyərək, qayıdandan sonra da “guya bir nəfərin kart vurmamasıyla əskikliyiniz çıxacaqdı” iradını bildiriməkdə də yeganə millət sayıla bilərik.

Millət olaraq qanunları pozmağa meyilliyik. Qaydalar onları pozmaq üçündür, axı. Məsələn, hesab edirik ki, yolda avtomobillər üçün sürət həddi, tutaq ki, 70 qoyulubsa, biz o yolu maşınla 90-la keçməsək, kənardan hamı biz pis baxar. Yaxud piyada keçidi olsa da, ordan 5-10 metr kənardan keçib həyatımızı riskə atmalıyıq.

Yaxud polis qayda pozanı saxlayır. O dəqiqə başlayır ki, bəs yanımdan keçəni niyə saxlamırsan? Bu, özünə cavabdehlik  daşımamaqla yanaşı, “cəhənnəmə gedənin özünə yoldaş axtarması” da sayıla bilər.

Toyda axşam saat 9-da qazmaqlı aş, üstündən tort, daha sonra dondurma yeyib, çıxanda da “bu qədər idrafçılıq nəyə lazımdır” donquldanaraq, toy sahibinin qarasınca deyinib, özünü görəndə “hər şey superdi. İndiyədək belə toyda olmamışam” deyib yola verməkdə də yeganə millətik.

Xeyirlə şər əkiz qardaşdı, deyirlər. Toydakı qədər də olmasa, yasda da israfçılıq xirtdəkdən olur. Yas məclislərində mollanın nə danışdığının fərqinə varmayan, gözü qapıya zillənən, ofisiantların aş gətirməsini səbirsizliklə gözləyən, qaşıq-çəngəl şaqqıltısından qulaq tutulan, mollası söhbət arasında “meyvəyə dəymə” deyən başqa millət tanıyan var?

Yeganə millətik. Sözün hər mənasında...


SON XƏBƏRLƏR

03 Iyul 2025