Cənubi Qafqazda sülh prosesinə dair diplomatik ümidlər son dövrlərdə artıb. Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi, həmçinin Zəngəzur dəhlizi və digər nəqliyyat məsələlərində əldə olunan razılıqlar tərəflərin qarşılıqlı iradəsini göstərir. Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev bir neçə dəfə vasitəçilər olmadan görüşərək pozitiv mesajlar veriblər.
Bu fon Aİ-nin regionda aktiv rol oynaması ilə birgə, tərəflər arasında davamlı stabilliyin təmin olunub-olunmayacağı və ya böyük güclər arasında yeni rəqabət yaradacağı barədə suallar doğurur.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Cənubi Qafqazda sülh prosesi uğurla davam edir. Vaşinqton görüşü zamanı tərəflər arasında sülh sazişi paraflanıb, yəni faktiki olaraq masada razılaşdırılmış sənəd mövcuddur. Eyni zamanda tərəflər arasında ən böyük problemlərdən biri hesab olunan Zəngəzur dəhlizi və ya nəqliyyat xəttinin mexanizmləri, açılış qaydası və hərəkətin təmin olunması ilə bağlı fərqli formatda da olsa razılıq əldə edilib. Göründüyü kimi, ciddi mübahisə doğuran məsələlərin böyük hissəsi artıq həllini tapıb.
Politoloq qeyd edib ki, bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev həmin görüşdən sonra müxtəlif platformalarda dəfələrlə bir araya gəlib, vasitəçilər olmadan danışıqlar aparıblar və ictimaiyyətə, mediaya kifayət qədər pozitiv mesajlar veriblər. ABŞ prezidenti Donald Trampla birlikdə keçirilən görüşlərdə də oxşar müsbət mesajlar səsləndirilib. Bütün bunlar onu deməyə əsas verir ki, sülh istiqamətində ciddi irəliləyiş əldə olunub. Hətta demək olar ki, artıq yalnız imzalanma mərasimi qalır:
"Prosesi ümumi şəkildə xarakterizə etdikdə, tərəflərin, xüsusilə Azərbaycanın sülhdə israrlı mövqeyi, təmkinli və konstruktiv yanaşması diqqət çəkir. Azərbaycanın emosional deyil, daha praqmatik mövqe sərgiləməsi, provokasiyalardan uzaq durması bu irəliləyişdə mühüm rol oynayır. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan da dəyişən şərtlər fonunda vəziyyəti düzgün qiymətləndirir və ölkə daxilində müəyyən yeniliklər həyata keçirir. Bu isə onun sülhə olan yanaşmasının dəyişdiyini göstərir. Bununla belə, qeyd etmək lazımdır ki, Azərbaycanın mövqeyi burada əsas rol oynayır. Əgər bu mövqe olmasaydı, böyük ehtimalla daha çox müharibəyə meylli bir Ermənistanla qarşılaşmaq mümkün olardı".
Onun sözlərinə görə, tərəflər arasında əldə olunan razılaşmalar birbaşa dialoq nəticəsində formalaşıb. ABŞ isə əsasən vasitəçi rolunu oynayıb. Bu baxımdan demək olar ki, sülh prosesi daha çox tərəflərin qarşılıqlı razılığı fonunda irəliləyir. Bu yanaşma Prezident İlham Əliyevin daha əvvəl səsləndirdiyi “vasitəçilər olmasaydı, sülh daha tez əldə edilərdi” fikrinin müəyyən mənada təsdiqi kimi də qiymətləndirilə bilər:
"Avropa İttifaqının prosesdəki roluna gəldikdə isə, real nəticələrin əldə olunduğu bir mərhələdə kimin iştirak edib-etməməsinin əhəmiyyəti nisbətən azalır. İttifaqın mövqeyini müharibədən əvvəl və müharibədən sonra olmaqla iki mərhələdə qiymətləndirmək olar. Təəssüf ki, 44 günlük Vətən müharibəsi və ondan əvvəlki dövrdə Avropa İttifaqının mövqeyi arzuolunan səviyyədə deyildi".

Turan Rzayev: Sülh istiqamətində ciddi irəliləyiş əldə olunub
T.Rzayev bildirib ki, Avropa İttifaqının mövqeyinin dəyişməsinə təsir edən əsas amillərdən biri Rusiya-Ukrayna müharibəsinin başlanması və uzanması oldu. Bu müharibə nəticəsində Avropa enerji və taxıl böhranı ilə üzləşdi və enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşdı. Azərbaycan bu dövrdə Avropa üçün etibarlı alternativ enerji təchizatçısı kimi çıxış etdi və bu rolunu davam etdirir:
"Digər tərəfdən, müharibədən sonra Qarabağda bərpa prosesi və Böyük Qayıdış siyasəti elan olundu. Azərbaycan bu prosesdə ona dəstək verən ölkələrə müəyyən üstünlüklər təqdim etdi. Avropa İttifaqı da bu prosesdən kənarda qalmaq istəmədi və daha konstruktiv mövqe nümayiş etdirməyə başladı. Ümumilikdə, məsələlərə obyektiv yanaşma Azərbaycanın maraqlarına uyğundur və bu dəyişiklik Bakıda müsbət qiymətləndirilir.
Azərbaycan Avropa İttifaqına qarşı olan ölkə deyil. İttifaqın üzvü olmasa da, tərəflər arasında ticarət və enerji sahəsində əməkdaşlıq mövcuddur və bu münasibətlər inkişaf edir".
Müsahibimiz vurğulayır ki, mövcud vəziyyətdə Azərbaycan-Ermənistan danışıqlarının böyük güclər arasında qarşıdurmaya çevriləcəyi ehtimalı zəif görünür. Artıq ortada konkret razılaşmalar və qarşılıqlı pozitiv mövqe var. Bu mərhələdən geri dönüş çətindir. Eyni zamanda ABŞ-nin və Donald Trampın müəyyən mənada qarantorluğu da qeyd olunur. Böyük ehtimalla münaqişə bu ilin sonuna və ya gələn il ərzində tam şəkildə yekunlaşa bilər:
"Lakin bu prosesin məhz bu il tamamlanacağını qəti demək çətindir. Çünki Ermənistanda parlament seçkiləri və konstitusiya referendumu gözlənilir. Eyni zamanda Azərbaycanda da konstitusiya referendumu ilə bağlı müəyyən iddialar səsləndirilir. Bu faktorlar tərəflərin prosesə hazırlıq mərhələsində olduğunu göstərir və ABŞ ilə təmaslar davam edir".
Ekspertin sözlərinə görə, hazırkı mərhələdə əsas risk kimi Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi göstərilə bilər. Lakin bu ssenaridə belə sülh prosesinin tam dayanacağı ehtimalı yüksək deyil:
"Daha çox prosesin uzanması, müəyyən fikir ayrılıqları və gərginliklərin yaranması mümkündür. Bununla belə, ümumi mənzərə onu göstərir ki, tərəflər sülhə çox yaxındır və artıq əsasən imza mərasiminə doğru irəliləyirlər".
Zeynəb Rzayeva
Bakı 












