İran prezidenti Məsud Pezeşkian ilə Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta arasında baş tutan telefon danışığı Tehranın mövcud geosiyasi şəraitdə yeni diplomatik istiqamət axtardığını göstərir.
İran uzun illərdir ki, Avropa ilə münasibətlərdə ehtiyatlı və bəzən də soyuq mövqe sərgiləyirdi. Amma regionda artan gərginlik, xüsusilə Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi Tehranın daha çevik siyasət yürütməsinə səbəb olur. Bu addım artıq klassik qarşıdurma modelindən çıxaraq çoxşaxəli diplomatiyaya keçid siqnalı kimi görünür.
Hörmüz boğazı məsələsinin danışıqlarda əsas yer tutması təsadüfi deyil. Bu marşrut yalnız regional deyil, qlobal enerji təhlükəsizliyinin mərkəzində dayanır. İran bu mövzunu qabartmaqla Avropaya bir növ mesaj verir ki, regiondakı sabitlik təkcə ABŞ-nin deyil, Avropanın da birbaşa maraq dairəsidir. Yəni Tehran çalışır ki, Avropanı prosesə daha aktiv şəkildə cəlb etsin və onu passiv müşahidəçi mövqeyindən çıxarsın. Bu isə İran üçün həm siyasi dəstək, həm də potensial iqtisadi nəfəs deməkdir.
Digər tərəfdən, bu addımı Qərb daxilində balans yaratmaq cəhdi kimi də oxumaq olar. ABŞ-la münasibətlərin gərgin olduğu bir vaxtda İran Avropa ilə dialoqu genişləndirərək alternativ diplomatik kanal açmağa çalışır. Avropa isə adətən daha çox diplomatik həll tərəfdarı olduğu üçün Tehran üçün daha “yumşaq” tərəfdaş kimi görünür. Bu baxımdan, Pezeşkianın təşəbbüsü təkcə böhranın idarə olunması deyil, həm də geosiyasi oyun sahəsinin genişləndirilməsi məqsədi daşıyır.
Nəticə etibarilə, İranın bu addımı ani və situativ deyil, daha çox məcburi şərtlər altında formalaşan strateji adaptasiyadır. Tehran anlayır ki, tam təcrid vəziyyətində qalmaq onun üçün risklidir. Ona görə də yeni tərəfdaşlıq imkanları axtarır və Avropanı bu kontekstdə önə çıxarır. Bu prosesin davamlı olub-olmayacağı isə həm regiondakı hərbi dinamikanın, həm də Avropanın real siyasi iradəsinin necə formalaşacağından asılı olacaq.
Züriyə Qarayeva
Bakı 












