Yaxın Şərqdə son dövrlərdə müşahidə olunan nisbi diplomatik fəallıq və atəşkəs təşəbbüslərinə baxmayaraq, regionda təhlükəsizlik mühiti hələ də kövrək olaraq qalır. Xüsusilə Livan istiqamətində baş verən son hadisələr vəziyyətin daha mürəkkəb və çoxşaxəli xarakter aldığını göstərir.
Livan “Hizbullah”ının atəşkəs dövründə İsrail zərbələrinə cavab verməsi, eyni zamanda Tehran-Vaşinqton arasında razılaşdırılmış iki həftəlik atəşkəsin Livan ərazisinə şamil edilməməsi regionda qüvvələr balansının necə dəyişdiyi və mövcud gərginliyin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ciddi suallar yaradır. Bu fonda həm lokal toqquşmaların genişmiqyaslı qarşıdurmaya çevrilmə ehtimalı, həm də müxtəlif aktorların prosesə mümkün müdaxiləsi Yaxın Şərqdə eskalasiya riskinin səviyyəsini daha da artırır.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, İran-Amerika atəşkəsindən İsrail tərəfinin narazı qalması amili ön plana çıxır:
"Mənə elə gəlir ki, bu vəziyyət İsrail tərəfindən atəşkəsin sabotaj edilməsi kimi qiymətləndirilə bilər".
.jpg)
Əziz Əlibəyli: 15 gün sonra bu prosesin kəskinləşməsini görəcəyik
Onun sözlərinə görə, ikinci mərhələ isə nəzərdə tutduğumuz digər reallıqları üzə çıxarır:
"Belə ki, İsrail Livana hücumlarını birbaşa öz təhlükəsizliyinin təmin olunması ilə əsaslandırır".
Əziz Əlibəyliyə görə, bu baxımdan qeyd etmək lazımdır ki, Yaxın Şərqdə eskalasiya davam edir və ehtimal edirəm ki, təxminən 15 gün sonra bu prosesin daha kəskin mərhələsinin şahidi olacağıq.
Zeynəb Rzayeva
Bakı 




