• Bakı 10° C

    8.05 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Yaxın Şərqdə proksi qruplar və təhlükəsizlik dilemması - ŞƏRH

SİYASƏT

09 Aprel 2026 | 15:38

Yaxın Şərqdə proksi qruplar və təhlükəsizlik dilemması - ŞƏRH

Suriyada və Yəməndə uzun illərdir davam edən münaqişələr fonunda beynəlxalq ictimaiyyət diplomatik yollarla həll axtarışlarını davam etdirir. Lakin bölgədə fəaliyyət göstərən çoxsaylı silahlı qrupların mövcudluğu, onların xarici güclərlə əlaqələri və maraqların toqquşması sülh prosesini daha da mürəkkəbləşdirir. Belə bir şəraitdə diplomatiyanın real nəticə verib-verməyəcəyi əsas müzakirə mövzularından biri olaraq qalır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, hazırda bölgədə fəaliyyət göstərən qrupların əksəriyyəti müəyyən xarici mərkəzlərlə bağlıdır və bu qüvvələr tərəfindən himayə olunur. Onların böyük hissəsi İranın proksi qüvvələri kimi çıxış edir. İran bu qruplara təsir imkanlarını artıraraq onları həm stimullaşdıra, həm də müəyyən dərəcədə nəzarətdə saxlaya bilər. Bu halda onların fəaliyyətinin qismən məhdudlaşdırılması mümkündür.

Politoloqun sözlərinə görə, Rusiyaya və digər xarici güclərə bağlı müxtəlif qruplaşmalar da mövcuddur. Bu qüvvələr fəaliyyətlərini əsasən xaricdən gələn maliyyə və silah dəstəyi hesabına davam etdirirlər. Məhz buna görə də onlarla birbaşa danışıqlar apararaq razılığa gəlmək olduqca çətindir. Daha effektiv yanaşma onların maliyyə və silah təchizatı mənbələrinin müəyyən edilərək zərərsizləşdirilməsidir. Əks halda, bu prosesin davam etməsi qaçılmazdır və nəticələri region üçün mənfi olaraq qalacaq:

"Suriyada hazırkı hökumət - Əhməd əl-Şara administrasiyası - ölkənin idarəçiliyində əsas rıçaqları öz əlində cəmləşdirməyə başlayıb və təhlükəsizliyin təmin olunması istiqamətində addımlar atır. Bu prosesdə Türkiyənin dəstəyi xüsusi rol oynayır. Mövcud şəraitdə ehtimal olunur ki, yaxın beş il ərzində bu hökumət ölkə ərazisində dövlət idarəçiliyini daha geniş şəkildə bərpa edə və təhlükəsizlik mühitini sabitləşdirə bilər".

Zeynal Əmrəliyev: Ölkə faktiki olaraq parçalanmış vəziyyətdədir

Ekspert Yəməndə vəziyyətin fərqli olduğunu bildirib. Dediyinə görə, ölkə faktiki olaraq parçalanmış vəziyyətdədir. Bir tərəfdə Ənsurullah (husilər) qruplaşması, digər tərəfdə isə müxtəlif silahlı qruplar mövcuddur. Rəsmi hökumət isə nominal xarakter daşıyır və real nəzarət imkanları son dərəcə məhduddur. Əli Abdulla Salehin devrilməsi və öldürülməsindən sonra ölkədə vətəndaş müharibəsi daha da dərinləşib və dövlət institutlarının zəifləməsi davam edib:

"Yəməndə husilərdən başqa çoxsaylı xırda silahlı qruplar da fəaliyyət göstərir. Bu qrupların bir hissəsi keçmiş Əl-Qaidə döyüşçülərindən formalaşıb və müxtəlif xarici qüvvələrin təsiri altındadır. Oxşar mənzərə Suriyada da müşahidə olunur. Belə şəraitdə ya hökumətlər bu qruplarla müəyyən razılaşmalar əldə etməlidir ki, bu olduqca çətin görünür, ya da onların maliyyə və silah mənbələri aşkar edilərək sıradan çıxarılmalıdır. Uzunmüddətli və daha effektiv həll yolu məhz bu ikinci variant hesab olunur".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR