• Bakı 11° C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

“20 manatlıq avara” və qeydiyyat qorxusu: Cəmiyyət niyə çaşqındır? - RƏYLƏR

CƏMİYYƏT

16 Fevral 2026 | 15:28

“20 manatlıq avara” və qeydiyyat qorxusu: Cəmiyyət niyə çaşqındır? - RƏYLƏR

Aparıcı Aytən Səfərovanın bugünlərdə efirdə səsləndirdiyi “avaralığa görə cərimə” məsələsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xatırladır ki, jurnalistə göndərilən mesajda bir vətəndaşın “avaralıq” maddəsi ilə 20 manat cərimə edildiyi bildirilib. İlk baxışdan bu məlumat bir çoxlarına dələduzluq kimi görünsə də, aparıcının araşdırmasından sonra məlum olub ki, İnzibati Xətalar Məcəlləsində həqiqətən də “avaralıq” anlayışı ilə bağlı maddə mövcuddur. Məsələ isə əsasən ondan ibarətdir ki, rəsmi işi olmayan, ailəsi və uşağı olan bir şəxs hansısa sexdə çalışsa da, işinin qeyri-rəsmi olması səbəbilə “avaralıq” ittihamı ilə üzləşib və cərimələnib.

Aparıcının gündəmə gətirdiyi məsələ cəmiyyətdə haqlı suallar doğurub. İnsanların “avaralıq” anlayışının hüquqi müstəvidə necə tənzimləndiyini bilməməsi və rəsmi işi olmayan hər kəsin bu təhlükə ilə üzləşə biləcəyi qorxusu mövzunu daha da aktuallaşdırıb.

Digər bir məsələ isə son zamanlar evlərdə qeydiyyata düşmək məsələsi ilə bağlıdır. İddia edilir ki, bir vətəndaşın adına iki mənzil varsa və övladları atalarının adına olan, yəni özlərinin qeydiyyata düşmədiyi mənzildə yaşayırlarsa, onlara da cərimə tətbiq olunur. Bununla bağlı da sosial şəbəkələrdə narazılıqlar gündəmə gətirilir.

 

 

Razi Nurullayev:  Cərimə siyasəti vətəndaşı qorxutmaq üçün yox, ictimai qaydanı qorumaq üçün tətbiq edilməlidir

Milli Məclisin deputatı Razi Nurullayev mövzu ilə bağlı Bakıvaxtı.az-a deyib ki, son günlər sosial şəbəkələrdə və mediada geniş müzakirə olunan iki mövzu cəmiyyətdə haqlı narahatlıq yaradıb və hüquqi aydınlığa ehtiyac olduğunu göstərib.

Deputat bildirib ki, “avaraçılığa görə 20 manat cərimə” ilə bağlı yayılanlar sadəcə iddialardır:

“Məsələnin ictimai müzakirəyə bu formada çıxarılması bir çox insanda belə təəssürat yaradıb ki, guya işsiz və ya küçədə olan hər kəs cərimələnə bilər. Halbuki mövcud qanunvericilikdə məsələ bu qədər sadələşdirilmiş formada nəzərdə tutulmur. Burada söhbət konkret sosial davranışlardan - daimi yaşayış yeri və məşğuliyyəti olmayan, sistemli şəkildə dilənçilik və ya xırda hüquq pozuntuları ilə dolanan şəxslərdən gedir. Yəni, insanın işsiz qalması, çətin vəziyyətə düşməsi və ya müvəqqəti olaraq fəaliyyətsiz olması onu avtomatik “avara” statusuna salmır və belə yanaşma qanunun ruhuna da ziddir. Bu cür mövzuların kontekstdən çıxarılaraq təqdim olunması cəmiyyətdə əsassız qorxu yaradır və hüquqi savadsızlığı dərinləşdirir”.

Müsahibimiz vurğulayıb ki, ikinci müzakirə mövzusu yaşayış yeri üzrə qeydiyyat məsələsi ilə bağlıdır:

“Sosial mediada yayılan iddialarda bildirilir ki, vətəndaşın öz adına olan evdə yaşayan ailə üzvləri başqa ünvanda qeydiyyatda olduqları üçün cərimə riski ilə üzləşiblər. Qeydiyyat institutu əslində nəzarət və cərimə mexanizmi kimi yox, dövlətin əhali uçotunu aparması, sosial və inzibati xidmətləri düzgün planlaşdırması üçün nəzərdə tutulub. Lakin bu mexanizmin sərt və izah olunmadan tətbiqi vətəndaşlarda haqlı narazılıq yaradır. İnsanlar öz evində yaşayan övladına görə inzibati məsuliyyət riski ilə üzləşəndə qanunun ədalətli işlədiyinə inanmaqda çətinlik çəkir”.

Razi Nurullayevə görə, ümumilikdə, cərimə siyasəti və inzibati tədbirlər vətəndaşı qorxutmaq üçün yox, ictimai qaydanı qorumaq üçün tətbiq edilməlidir:

“Qanun pozuntusu varsa, bu, obyektiv araşdırılmalı və ölçülü şəkildə qiymətləndirilməlidir. Amma vətəndaşın bilmədiyi, ona aydın izah olunmayan normalara görə cərimə ilə üzləşməsi dövlətə olan etimadı zəiflədir. Hesab edirəm ki, aidiyyəti qurumlar inzibati məsuliyyətlə bağlı qaydaları daha sadə dildə izah etməli, ictimai maarifləndirməni gücləndirməli və eyni zamanda, bu normaların sui-istifadə predmetinə çevrilməməsi üçün nəzarət mexanizmlərini gücləndirməlidir. Qanun sərt deyil, ədalətli olanda güclü olur”.

Şamil Paşayev:  Əgər şəxs oğurluq etmirsə, dilənçi deyilsə, onun işləyib-işləməməsinin məsələyə təsiri yoxdur

Hüquqşünas Şamil Paşayev isə saytımıza bildirib ki, avaralıqla məşğul olmaqla bağlı cərimələrin, eləcə də inzibati məsuliyyətin tətbiqi əsasən evsiz, “bomj” həyatı yaşayan, yaxud dilənçiliklə məşğul olan şəxslərin əhatəsinə aid edilir:

 “Avara kimdir? Avaralıqla məşğul olan şəxs dedikdə müəyyən yaşayış yeri olmayan, heç bir peşə, iş-güc, ictimai-fəal əməklə məşğul olmayan, mütəmadi olaraq keçimini xırda oğurluq və dilənçilik yolu ilə həyata keçirən şəxslər nəzərdə tutulur. Bunlardan başqa, digər şəxslərə biz avara deyə bilmərik. Ola bilər ki, bir şəxsin hansısa konkret işi yoxdur və işsiz kimi qeydiyyatdadır. Amma onu mövcud məcəllə ilə məsuliyyətə cəlb etmək mümkün deyil”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşlarının avaralığa görə cərimə edilməsi anlayışı yoxdur. Hansısa vətəndaş avaralıqla məşğul olan şəxs kimi xarakterizə edildikdən sonra ona xəbərdarlıq edilir. Nəticə çıxarılmadıqda, 10 gün müddətinə inzibati həbs tətbiq olunur. 20-25 manatlıq cərimə xəbərdarlıqdan sonra yalnız əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilir.

Hüquqşünas onu da əlavə edib ki, şəxsin işləməməyi onun avara olması mənasına gəlmir:

“Əgər şəxs oğurluq etmirsə, dilənçi deyilsə, onun işləyib-işləməməsinin məsələyə böyük ölçüdə təsiri yoxdur”.

Aydın Baxış


SON XƏBƏRLƏR