20 Yanvar faciəsinin ildönümündə, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasına bağlı İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Bornovadakı Xocalı Şəhidliyi abidəsi ziyarət edilib.
Bakıvaxtı.az xəbər verir ki, anım mərasimində Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlər ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Tədbir iştirakçıları şəhidlərin xatirəsinə gül dəstələri qoyublar.
Dərnəyin sədri Əşrəf Tuna 20 Yanvar 1990-cı ildə Sovet ordusunun Bakıda törətdiyi qətliamı xatırladaraq, həmin günlərdə İzmir şəhərində Azərbaycanın səsi olduqlarını bildirib. O, 20 Yanvarın xalqımızın azadlıq mübarizəsinin simvolu olduğunu vurğulayıb.
Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, ictimai fəal və aktrisa Roza İbadova Kocamaz 20 Yanvar şəhidlərini dərin hörmət və sevgi ilə anaraq, qəhrəmanların heç vaxt unudulmayacağını qeyd edib.
Anım mərasimi dualarla başa çatıb.
Nərgiz Məmmədli
Bakı 









