Haitidə artan zorakılıq, siyasi sabitsizlik və dövlət institutlarının faktiki olaraq iflic vəziyyətinə düşməsi beynəlxalq gündəmdə yenidən müzakirə olunmağa başlayıb. BMT Baş katibinin ölkədə 8 mindən çox qətlin qeydə alınması ilə bağlı açıqlaması böhranın dərinliyini açıq şəkildə ortaya qoyur. Bu fonda BMT-nin mövcud vəziyyəti dəyişmək üçün hansı real addımları ata biləcəyi və beynəlxalq ictimaiyyətin prosesdə nə dərəcədə aktiv rol oynayacağı əsas sual olaraq qalır.
Mövzuyla bağlı politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Haitidə artıq uzun müddətdir davam edən bu proseslər faktiki olaraq beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb. Düşünürəm ki, bunun əsas səbəbi ölkənin təbii resurslar baxımından maraq doğurmamasıdır. Haitidə nə neft, nə də qaz ehtiyatları var.
Politoloqun sözlərinə görə, məhz bu səbəbdən də orada insanların hüquqlarının kütləvi şəkildə pozulmasına beynəlxalq səviyyədə ciddi reaksiya verilmir. İnsan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatların prosesə laqeyd yanaşması onu göstərir ki, dünyada hansısa ölkədə baş verən hadisələrə beynəlxalq reaksiya yalnız o halda ortaya çıxır ki, böyük güclərin həmin ölkədə konkret maraqları olsun:
"Haiti əslində kiçik dövlət deyil. Ərazisi təxminən 20 min kvadrat kilometrdir, əhalisi isə 11-12 milyon nəfərə yaxındır. Ölkə Karib hövzəsində yerləşir və ABŞ-yə coğrafi baxımdan kifayət qədər yaxındır. Buna baxmayaraq, ABŞ-nin də bu proseslərə münasibətdə passiv mövqe sərgilədiyini görürük".
Müsahibimiz hesab edir ki, Venesuelada və ya təbii sərvətlər baxımından zəngin olan digər regionlarda baş verən hadisələrlə Haitidəki proseslər mahiyyət etibarilə çox da fərqlənmir. Lakin beynəlxalq diqqət tamamilə fərqlidir. Bu baxımdan BMT-nin indiki mövqeyi düşünürəm ki, prosesin gedişinə ciddi təsir göstərmir.
.jpg)
Xəyal Bəşirov: Beynəlxalq reaksiyaların səviyyəsi humanitar ölçülərdən çox, siyasi və iqtisadi maraqlarla bağlıdır
X.Bəşirov qeyd edir ki, əslində beynəlxalq ictimaiyyət bu məsələdə dərhal səfərbər olmalı idi:
"Müqayisə üçün desək, İranda baş verən hadisələr diqqətdə saxlanıldı. Müxtəlif məlumatlara görə, etiraz aksiyaları zamanı əvvəlcə 2-3 min, sonradan isə 5 minə yaxın insanın həyatını itirdiyi bildirildi və bu, beynəlxalq səviyyədə geniş rezonans doğurdu. ABŞ və digər beynəlxalq təşkilatlar bu məsələdə fəal mövqe nümayiş etdirdilər:
Amma 12 milyonluq Haitidə 8 min insanın öldürülməsinə eyni həssaslıq göstərilmir. Bu fakt bir daha onu göstərir ki, beynəlxalq reaksiyaların səviyyəsi humanitar ölçülərdən çox, siyasi və iqtisadi maraqlarla bağlıdır".
Ekspert bildirib ki, BMT-nin bu prosesə müdaxiləsinin real nəticə verəcəyini düşünmürəm. Əgər ABŞ və dünyanın aparıcı dövlətləri bu böhrana ciddi reaksiya versələr, yalnız o halda Haitidəki xaosun qarşısını almaq, etirazlar zamanı insanların öldürülməsini dayandırmaq mümkün ola bilər.
Zeynəb Rzayeva
Bakı 




