Beynəlxalq ekspertlərə görə, Tramp ikinci prezidentliyi dövründə tarifləri xarici siyasətində hədə-qorxu aləti kimi istifadə edir.
O, Çin, Hindistan və Avropa İttifaqına da yüksək tariflər tətbiq edib, daha sonra danışıqlar nəticəsində geri addım atıb.
Avropa ölkələri Trampın sonuncu tarif təhdidini "şantaj" adlandıraraq həm diplomatik, həm də iqtisadi cavab mexanizmlərini hazırladıqlarını açıqlayıb. Bu böhran Aİ daxilində ABŞ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi müzakirələrini də gücləndirib.
Maraqlıdır ki, Aİ-nin sərt reaksiyası ABŞ-nin mövqeyini yumşalda bilərmi?
Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının sərt və vahid cəbhədən reaksiya verməsi ABŞ-nin mövqeyini qısa müddətdə yumşaltmasa da, Vaşinqtonu hesablamalarını yenidən nəzərdən keçirməyə məcbur edə bilər.

Kamran Məmmədli: Aİ daxilindəki fikir ayrılıqları bu reaksiyanın effektini azalda bilər
Onun sözlərinə görə, Aİ yalnız diplomatik etirazlarla kifayətlənməyib, ABŞ-nin iqtisadiyyatı üçün həssas olan sektorlara (məsələn, kənd təsərrüfatı və ya texnologiya) qarşı simmetrik cavab tədbirləri tətbiq edərsə, bu, ABŞ daxilindəki biznes lobbilərinin Ağ Evə təzyiqini artıra bilər:
“Keçmiş təcrübələr göstərir ki, Tramp administrasiyası "maksimum təzyiq" taktikasından istifadə etsə də, real iqtisadi itkilər və bazar qeyri-müəyyənliyi artdıqda daha praqmatik sövdələşmələrə meyl edir. Buna baxmayaraq, Aİ daxilindəki fikir ayrılıqları bu reaksiyanın effektini azalda bilər. Bəzi Avropa ölkələri ABŞ ilə fərdi şəkildə razılığa gəlməyə çalışarsa, bu, Aİ-nın kollektiv gücünü zəiflədə və Vaşinqtonun sərt xəttini davam etdirməsinə şərait yarada bilər”.
Politoloq hesab edir ki, ABŞ-nin mövqeyini yumşaldması Aİ-nın atacağı addımın nə dərəcədə ciddi olmasından və onların vahid mövqedən çıxış edib-etməyəcəyindən asılıdır.
Gülşən Şərif
Bakı 



