Fəsillərin dəyişməsi yediyimiz qidaların və içdiyimiz mineralların temperaturunun dəyişməsi deməkdir. Bəs bu dəyişim ağız boşluğunda özünü necə büruzə verir? Qış fəslində dişlərə və diş ətinə necə qulluq etməliyik?
Stomatoloq Vüsal Əmiraslanov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qış fəslində ağız boşluğunda asid səviyyəsi yüksəlir.
Həkimin sözlərinə görə, meyvə-tərəvəzlər, portağal, qreyfut, mandarin, turşular və s. yedikdən sonra ağız boşluğunda asid səviyyəsinin artığı müşahidə edilib.
"Səhər və axşam yeməyindən sonra uzun müddət yemək yemədiyimiz üçün ağız suyu azalır və nəticədə dişlərin çürüməsi daha da sürətlənir",-deyə o bildirib.
Müsahibimizin fikrincə, gün ərzində qidalanmadan sonra su içmək, ağzımızı qarqara etmək, 10-15 dəqiqə saqqız çeynəyib ağız suyunu artırmaqda çox böyük fayda var.
"Diqqət edəcəyimiz daha bir məqam odur ki, asidli meyvələri yedikdən dərhal sonra dişlərimizi fırçalamırıq. Asidli qidalar dişlərimizin üzərinə aşındırıcı təsir edir və biz fırçaladığımız an daha çox zədələmiş oluruq. Bu halın olmaması üçün üzərindən ən az 15-20 dəqiqə sonra adi su və ya sodalı su ilə qarqara edə bilərik. Bu zaman dişlərimizi aşındırıcılardan netrallaşdırmış olarıq".
Vüsal Əmiraslanov sonda xüsusilə qeyd edib ki, diş fırçası seçərkən ən yumşaq fırçanı almalıyıq və il ərzində dişlərimizə baxım etməyi unutmamalıyıq.
Xəyalə Rza
















