q
  • Bakı 14° C

    9.25 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Asif Nəsirliyə şəhid statusu veriləcək? - AÇIQLAMA

HADİSƏ

06 May 2026 | 11:22

Asif Nəsirliyə şəhid statusu veriləcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli vəfat edib.

Faktla bağlı cinayət işi açılıb və hadisənin bütün təfərrüatları araşdırılır.

Baş vermiş faciə cəmiyyətdə ciddi rezonans doğurub və Asif Nəsirlinin xidməti vəzifəsini yerinə yetirərkən həyatını itirməsi onun şəhid statusu alıb-almaması məsələsini yenidən gündəmə gətirib.

Bəs ona bu status veriləcəkmi? 

Mövzu ilə bağlı deputat Məlahət İbrahimqızı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, şəhid statusunun verilməsi "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqındaAzərbaycan Respublikasının Qanunu  ilə tənzimlənir.

Məlahət İbrahimqızı, deputat

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş meyarlara əsasən, şəhid statusu əsasən dövlətin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda həyatını itirən şəxslərə şamil edilir:

“Bu səbəbdən belə hadisələrdə həyatını itirən şəxslərə şəhid statusunun verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb”.

Hüquqi prizma ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Ayxan Məmmədli isə bildirib ki, mövcud qanunvericilik şəhid anlayışını konkret hüquqi çərçivədə müəyyən edir və bu statusun verilməsi üçün dəqiq əsaslar tələb olunur:

‘"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən, şəhid statusu döyüş əməliyyatları zamanı, hərbi xidmətlə bağlı tapşırıqları yerinə yetirərkən və ya dövlətin təhlükəsizliyi ilə birbaşa əlaqəli fəaliyyət zamanı həyatını itirən şəxslərə verilir. Mülki şəxslərin, o cümlədən həkimlərin vəzifə borcunu yerinə yetirərkən faciəvi şəkildə həlak olması çox ağır və üzücü haldır, lakin bu, avtomatik olaraq şəhid statusu üçün hüquqi əsas yaratmır”.

Ayxan Məmmədli, hüquqşünas 

Hüquqşünas əlavə edib ki, belə hallarda dövlət tərəfindən digər sosial təminat mexanizmləri və kompensasiyalar tətbiq oluna bilər:

“Bu kimi hadisələrdə zərərçəkmiş şəxsin ailəsinə dövlət tərəfindən birdəfəlik ödənişlər, sosial müavinətlər və digər dəstək tədbirləri nəzərdə tutula bilər. Eyni zamanda, qanunvericilikdə dəyişiklik edilərsə, gələcəkdə bu kimi halların ayrıca kateqoriya kimi qiymətləndirilməsi də mümkündür”.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Aynur Babazadə


SON XƏBƏRLƏR

05 May 2026