İlham Əliyevin “France 24” telekanalına verdiyi son müsahibə Cənubi Qafqazda dəyişən güc balansı, regionda yaranmış yeni reallıqlar və Azərbaycan–Ermənistan sülh gündəliyinin gələcək istiqamətləri baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısının müsahibədə səsləndirdiyi mesajlar yalnız Bakının strateji mövqeyini yox, həm də sülh prosesində qarşı tərəfin atmalı olduğu addımların konturlarını aydın şəkildə ortaya qoyur.
Bu açıqlamalar regionda davam edən diplomatik dinamika fonunda həm siyasi dairələr, həm də beynəlxalq ekspertlər tərəfindən yeni mərhələnin anonsu kimi qiymətləndirilir.
Müsahibədə Prezident İlham Əliyevin səsləndirdiyi əsas fikirlər Cənubi Qafqazda sülh prosesinə hansı real təsirləri göstərə bilər və Ermənistanın növbəti addımları nə ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransında bir daha regional sülh məsələsinə toxunaraq həm mövcud reallığın təsbitini ifadə etdi, həm də sülhün əldə olunması üçün mümkün son akordlara diqqət çəkdi:
"Prezidentin nitqindən bəlli oldu ki, artıq ABŞ-də paraflanmış sülh layihəsinin tamamlanması üçün cəmi bir şərt qalıb - o da Ermənistanın Konstitusiyasına dəyişiklik edilməsidir".
Onun fikrincə, bu vaxta qədər rəsmi Bakı sülhün əldə olunmasına maneə olan iki əsas məsələ barədə danışırdısa, Prezidentin açıqlamalarından göründü ki, artıq yalnız bir məsələ qalıb:
"Çünki Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunması Zəngəzur dəhlizinə alternativ marşrut vasitəsilə öz həllini tapıb".

Hikmət Babaoğlu: ABŞ-də paraflanmış sülh layihəsinin tamamlanması üçün cəmi bir şərt qalıb
H.Babaoğlu bildirib ki, belə olan halda, Prezidentin səsləndirdiyi fikirlər əslində Ermənistan üçün “ev tapşırığı” mahiyyəti daşıyır:
"Yəni onlar sülhün qarşısında qalan son maneəni aradan qaldırmaq üçün bu tapşırığı yerinə yetirməlidirlər. Bu isə yeni Konstitusiya layihəsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması deməkdir. Məncə, prezidentin bu mesajı bir dəfəlik və uzunmüddətli sülhün əldə olunması üçün mühüm tezisə çevrilməlidir".
Əli Hüseynov
Bakı 




