Son dövrlər Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacağı ilə bağlı yayılan iddialar, ölkənin xarici siyasətində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Əgər bu addım atılarsa, Azərbaycan MDB-dən ayrılan üçüncü ölkə olacaq ki, bu da regional münasibətlərdə ciddi dəyişikliklərə yol aça bilər. Bu qərarın arxasında yatan səbəblər, onun Azərbaycanın digər MDB üzvləri ilə münasibətlərinə necə təsir göstərəcəyi və xüsusilə Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir.
Azərbaycanın MDB-dən çıxması yalnız formal bir addım deyil, həm də ölkənin geostrateji prioritetlərinin dəyişdiyinin və müstəqil xarici siyasət kursunun daha da gücləndiyinin bir göstəricisi ola bilər.
Bəs bu iddiaların real olması nə dərəcədə ciddi bir ehtimaldır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacağı barədə yayılan iddialar reallığı tam əks etdirmir:
"Çünki bu təşkilatda qalmaq və ya ondan çıxmaq Azərbaycan üçün nə xüsusi bir üstünlük, nə də ciddi bir problem yaradır. Azərbaycan MDB ölkələrinin əksəriyyəti ilə yaxşı münasibətlərə və strateji tərəfdaşlığa malikdir. Hətta Ermənistanla sülh müqaviləsi mətni üzrə də müsbət irəliləyişlər var".
Oqtay Qasımov: Azərbaycan bu cür məsələlərdə hər zaman təmkinli və balanslı siyasət yürüdür
Onun sözlərinə görə, Rusiya ilə yaranan gərginlik bu ölkənin yanlış siyasəti ilə bağlıdır və bunun MDB-dən çıxmaq üçün əsas səbəb olmadığı düşünülür:
"Azərbaycan bu cür məsələlərdə hər zaman təmkinli və balanslı siyasət yürüdür. MDB ölkələri arasında ticarət sahəsindəki məsələlərin də ikitərəfli qaydada həlli mümkündür".
Oqtay Qasımov onu da əlavə edib ki, yaxın dövrdə Tacikistanda keçiriləcək MDB toplantısında Azərbaycanın hansı səviyyədə təmsil olunacağı ölkənin bu təşkilata verdiyi önəmi göstərəcək:
"Birinci şəxs səviyyəsində iştirak başqa, daha aşağı ranqlı rəsmi şəxsin nümayəndəliyi isə fərqli bir mənzərə yaradacaq. Ümumilikdə, yaxın gələcəkdə Azərbaycanın MDB-dən çıxacağı barədə qərar verməsi gözlənilmir".
Əli Hüseynov