Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş baş tuta bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Hazırkı stiuasiyada görüşdən nələr gözlənilir?

Oqtay Qasımov: Görüşdə hansısa ciddi irəliləyiş olmayacaq:
Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a bildirib ki,Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü ilə bağlı Münhen Təhlükəsizlik Konfransında razılaşdırılıb:
Onun sözlərinə görə, o zaman sülh müqaviləsi üzərində işin davam etdirilməsi, yaxın zamanda görüşün təyin edilməsi, eyni zamanda sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın toplantısı ilə əlaqədar tapşırıqlar verilib. Bu görüş də ona uyğun planlaşdırılıb.
Politoloqun qənaətincə, görüşdə hansısa ciddi irəliləyiş olmayacaq:
“Çünki hazırda Ermənistanın özünün müstəqil qərar vermək imkanı yoxdur. Erməni tərəfi prosesi uzatmaq üçün müxtəlif terminalogiyadan istifadə edəcək, texniki məsələləri önə çıxarmaqla prosesi uzatmağa çalışacaq”.

Fərhad Məmməov: Bu, prosesə təkan vermək üçün ciddi görüşdür
Politoloq Fərhad Məmmədov isə Bakıvaxtı.az-a danışarkən ikitərfli formatın möhkəmlənməsi üçün tərəflərin görüşünün vacib olduğunu qeyd edib:
“Hər hansı vasitəçi tərəf olmadan keçiriləcək görüş ikitərəfli formatın daha da möhkəmləndirəcək. Digər tərəfdən, tərəflər uzun müddətdir ki, bu sülh müqaviləsini dəyişikliklər, şərhlərlə birlikdə onlayn şəkildə email vasitəsilə bir-birinə ötürür”.
F.Məmmədov qeyd edib ki, görüş ziddiyyətli məsələləri daha səmərəli müzakirə etməyə də imkan yaradacaq. Bu prosesə təkan vermək üçün ciddi görüşdür.
Görüş ziddiyyətli məsələləri daha səmərəli müzakirə etməyə də imkan yaradacaq. Bu prosesə təkan vermək üçün ciddi görüşdür”.

Cümşüd Nuriyev: Qarşıdurmanın səngiməsi üçün ən azı çərçivə müqaviləsi olmalıdır
Politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu görüş daha çox Ermənistana lazımdır:
“Çünki Ermənistan Avropa İttifaqının onu növbəti qurban etmək istədiyini çox gözəl başa düşür. Bu həm Rusiyanın, həm də İranın maraqlarına uyğundur. Bunu Azərbaycanın əli ilə etmək istəyirlər. Ermənistan da bunu bilir və tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışır. İndi tərəflər arasında qarşıdurmanın səngiməsi üçün ən azı çərçivə müqaviləsi olmalıdır”.
Cümşüd Nuriyev Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə baş tutan Paris səfərinə diqqət çəkib:
“Paşinyan Parisdə yenə sərsəmlədi. O, daha çox publikaya hesablanmış bir çıxış idi. Əslində o da çox gözəl başa düşür ki, Fransa Ukraynadan sonra növbəti qurban Ermənistanı vermək istəyir. Ermənistan bunu dərk edir. Hadisələrin hazırkı gedişi isə Ermənistanın ziyanınadır”.
Günəş Mərd















