Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş onlayn formatda “İnnovativ kommunikasiya kontekstində dilçilik, ədəbiyyat və tədris metodikası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, AzMİU-nun rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili Azərbaycan dili ilə bağlı elan etdiyi mühüm təşəbbüs və sərəncamları xüsusi vurğulayaraq qeyd edib ki, dövlət başçısının ana dilimizin qorunması, zənginləşdirilməsi və elmi müstəvidə inkişafı istiqamətində müəyyən etdiyi strateji xətt ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur. Rektor bildirib ki, məhz bu dövlət siyasətinə uyğun olaraq təşkil olunan beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və dil tədrisi sahəsində milli dəyərlərin qorunması ilə yanaşı, innovativ yanaşmaların təşviqinə xidmət edir, bu isə öz növbəsində qloballaşan dünyada innovativ kommunikasiya bacarıqları mühəndislik, memarlıq və texniki ixtisaslar üzrə təhsil alan gənclər üçün strateji əhəmiyyət daşıyır.

Professor Gülçöhrə Məmmədova AzMİU-da dil tədrisinə xüsusi diqqət yetirildiyini vurğulayaraq qeyd edib ki, universitetdə tədris Azərbaycan, ingilis və rus dillərində aparılır, bununla yanaşı, ingilis, rus, alman, fransız və italyan dilləri tədris olunur. Bu yanaşma tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasını asanlaşdırır, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Rektor eyni zamanda müəllim heyətinin də həm ana dili, həm də xarici dillər üzrə bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.
.jpeg)
AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədova kafedranın kadr potensialı, elmi-pedaqoji fəaliyyəti və tətbiq etdiyi innovativ tədris metodikası barədə ətraflı məlumat verib. O, dil tədrisində kommunikativ yanaşma, rəqəmsal resurslardan istifadə və tələbəyönümlü metodların üstünlüklərini qeyd edib.
Dosent Aygün Məmmədova konfransın əhəmiyyətindən söz açaraq bildirib ki, əsas məqsəd alimlərimizin fəaliyyətini tanıtmaq, fikir mübadiləsi aparmaq, multidissiplinar yanaşmaları genişləndirmək, müasir dilçilik, dil tədrisinin strateji inkişaf istiqamətlərini müəyyənləşdirmək və təcrübə paylaşımı üçün mühüm elmi platforma yaratmaqdır. O qeyd edib ki, konfrans toplusuna ümumilikdə 78 məqalə təqdim olunub. 27 məqalə dilçilik və ədəbiyyat, 51 məqalə isə metodika sahəsini əhatə edir. Konfransın I bölməsində müasir dilçilik elminin aktual nəzəri problemləri - diskurs və funksional linqvistik təhlil, akademik kommunikasiya, terminoloji sistemlərin formalaşması və tərcümə nəzəriyyəsi elmi-nəzəri baxımdan şərh edilir.
Konfransın II bölməsində əcnəbi dillərin müasir tədris metodikasının aktual problemləri - pedoqoji və fərdi yanaşma metodların praktik tətbiqi, rəqəmsal texnologiyalar, kommunikativ bacarıqların inkişaf etdirilməsi, mədəniyyətlərarası və peşəkar kommunikativ kompetensiyalar, süni intellektin elm və təhsildə rolu prioritet məqsəd hesab olunur.
Daha sonra AzMİU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Nigar Aslanova, Azərbaycan Dillər Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Həmidə Əliyeva, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Süni intellekt və kompüter dilçiliyi” şöbəsinin baş elmi işçisi dosent Nərmin Əliyeva, Azərbaycan Dillər Universitetinin İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri, ped.e.d., dosent Günay Şirəliyeva, Bakı Dövlət Universitetinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi, fil.f.d. Mənsurə Ağayeva və Milli Aviasiya Akademiyasının İngilis dili kafedrasının baş müəllimi, fil.f.d. Günay Mirzəyeva çıxış edərək müasir dilçilik, süni intellektin dil tədrisinə təsiri, eləcə də əcnəbi dillərin tədrisində aktual metodoloji yanaşmalarla bağlı fikirlərini bölüşüblər.

Plenar iclasdan sonra konfrans öz işini iki bölmə üzrə davam etdirib.
Birinci bölmədə “Müasir dilçilik və ədəbiyyatşünaslığın aktual problemləri” mövzusu üzrə 8 məruzə, ikinci bölmədə isə “Əcnəbi dillərin müasir tədris metodikasının aktual problemləri” mövzusu üzrə 15 məruzə dinlənilib. Məruzələrdə Azərbaycan dilinin saflığının qorunması, müasir informasiya mühitində dil normalarının pozulması, ekran və efir nitqində dil mədəniyyəti kimi məsələlər xüsusi diqqət mərkəzində olub. Bu baxımdan məruzələr Azərbaycan dili ilə bağlı dövlət səviyyəsində aparılan siyasətə elmi yanaşmaların təqdim edilməsi baxımından aktual xarakter daşıyır.
Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Fransa, Niderland, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın müxtəlif ali təhsil müəssisələrindən olan alimlər və dilçi mütəxəssislər dəyirmi masa ətrafında mövzularla bağlı öz elmi yanaşmalarını və təcrübələrini bölüşüblər.
Beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və tədris metodikası sahəsində aktual problemlərin müzakirəsi, elmi əməkdaşlığın genişləndirilməsi və innovativ yanaşmaların təşviqi baxımından mühüm platforma kimi dəyərləndirilib.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
Bakı 




