İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin Bakıya səfəri rəsmi izahlarda ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik mövzuları ilə əsaslandırılsa da, bu gəlişin arxa planı daha geniş oxunuşa açıqdır.
Səfər Yaxın Şərqdə gərginliyin artdığı, İran ətrafında hərbi ritorikanın yenidən sərtləşdiyi bir dövrə təsadüf edir və bu amil Bakını sadəcə qonşu paytaxt yox, ehtiyatla seçilmiş siyasi ünvan kimi ön plana çıxarır. Bu mərhələdə Tehran üçün əsas məsələ açıq ittifaqlar qurmaqdan çox, riskləri azaltmaq və mövcud kanalları qorumaqdır.
İran uzun müddətdir regionda bir neçə istiqamətdə təzyiq altında qalır və bu şəraitdə Bakı ilə münasibətlərin sabit saxlanılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan İran üçün həm şimal sərhədlərinin təhlükəsizliyi, həm də regional balans baxımından həssas tərəfdaşdır. Bakıya göndərilən nümayəndənin sıravi məmur yox, müdafiə nazirinin özü olması Tehranın bu xəttə verdiyi çəkini göstərir. Üstəlik, səfərin prezident Məsud Pezeşkianın birbaşa göstərişi ilə həyata keçirildiyinin vurğulanması daxili auditoriyaya da ünvanlanan mesajdır. Tehran bununla Azərbaycana qarşı sərt ritorikanın arxasında dayanan mühafizəkar çevrələrə balanslı xəttin üstün tutulduğunu nümayiş etdirir.
Bu səfər eyni zamanda İranın diplomatik alətlərini genişləndirməyə çalışdığını göstərir. Rəsmi açıqlamalarda hərbi əməkdaşlıqdan danışılır, amma diplomatik təcrübə göstərir ki, belə görüşlər çox vaxt daha geniş mövzular üçün istifadə olunur. Bakı Tehran üçün etibarlı danışıq mühiti kimi qəbul edilir, çünki Azərbaycan açıq qarşıdurma tərəfi deyil və eyni zamanda regionda təsir imkanlarına malikdir. İranın Bakıya müraciəti təkcə ikitərəfli münasibətlərin qorunması deyil, həm də daha böyük gərginlik ssenarilərində əlavə manevr imkanları yaratmaq cəhdidir.
Diqqətçəkən məqamlardan biri də səfərin mediada ölçülü və sakit tonda təqdim olunmasıdır. Nə kəskin bəyanatlar var, nə də nümayişkaranə jestlər. Bu isə səfərin mahiyyətinə uyğundur. İran hazırkı mərhələdə səs-küylü diplomatiyadan daha çox səssiz və nəzarətli kanallara üstünlük verir. Bakı bu baxımdan uyğun platformadır. Əgər Tehran açıq mesaj vermək istəsəydi, daha fərqli tribunalar seçə bilərdi. Burada isə əsas məqsəd dialoqu qorumaq və mümkün risklərin böyüməsinin qarşısını almaqdır.
Beləliklə, İranın müdafiə nazirinin Bakıya səfəri təkcə ikitərəfli əlaqələrin texniki epizodu kimi deyil, regionda gərginliyin idarə olunması cəhdinin tərkib hissəsi kimi oxunmalıdır. Azərbaycan bu prosesdə açıq vasitəçi rolunu üzərinə götürməsə də, səssiz diplomatiyanın işlədiyi məkan kimi ön plana çıxır. Bu da Bakının regionda sabitlik axtarışında ehtiyatlı, amma təsirli mövqeyinin davam etdiyini göstərir.
Alim Nəsirov
Bakı 




