Ötən illə müqayisədə əmlak bazarında qiymətlər artıb. Ekspetlər bunu yeni binalarda mənzillərin bahalaşması ilə əlaqələndirirlər. Hesab olunur ki, tikilməkdə olan binalarda müəyyən problemlər yarandığından, eyni zamanda, ötən il tikinti materiallarının qiymətində kəskin artmalar olduğundan, bu da tikintinin maya dəyərinə təsirsiz ötüşməyib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakıvaxtı.az-a bildirib ki, Bakıda mənzillərin qiymətinin qalxmasının səbəblərindən biri də paytaxt ərazisində tikinti üçün torpaq sahələrinin yox dərəcədə olmasıdır. Onun sözlərinə görə, tikinti şirkətləri məcbur qalıb bu işləri pilot layihələr üzərindən aparırlar: “Yəni, istismar müddətini bitirmiş, qəzalı vəziyyətdə olan köhnə dörd və yaxud beşmərtəbəli binaları söküb yerində hündürmərtəbəli bina tikirlər. Təbii ki, bu zaman xərc daha çox artır, çünki həmin binada yaşayan bütün sakinlərə tikilməkdə olan binadan daha geniş kvadratda təmirli mənzil verilir, bina tikilib qurtarana qədər iki il kirayə pulu ödənilir. Tikinti şirkətləri qalan mənzilləri sataraq qazanc əldə edirlər”. E.Fərzəliyev qeyd edib ki, bu il də qiymətlərdə artım gözlənilir: “Çünki keçən ildən bu yana dəyişən heç nə olmadı. Proses eyni xətt üzərindən davam edir. Tikinti materialları yenə bahadır, tikintilər bu il də pilotlar üzərindən aparılacaq. Amma, nəzər yetirsək, bu il əvvəlki kimi tikinti işləri aparılmır. Çünki artıq şirkətlər də bunda maraqlı deyil. Tikinti materiallarının baha olması qiyməti şişirdir. Qiymət qalxdıqda isə ev almaq insanlar üçün əlçatan olmur”.

Elnur Fərzəliyev: "Bazarda mənzil qiymətləri alıcıların aylıq maaşı ilə üst üstə düşmür"
Ekspertin hazırda apardığı monitorinqə əsasən, bazarda bir durğunluq var: “Satılan evlərin böyük əksəriyyəti kreditli şərtlərlə satılıb. Burada Mənzil İnkişafı Dövlət Agenliyi, özəl şirkətlər var ki, evləri kreditlə satıblar. Vətəndaşlar da ipoteka, kredit ilə satılan evlərə daha çox üstünlük verirlər. Bu, onun göstəricisidir ki, artıq nağd pul ilə ev almaq vətəndaşlar üçün maraqlı deyil”.
Digər tərəfdən də, vətəndaşlarda nağd şəkildə mənzil almaq üçün o qədər pul yoxdur. Kreditlə satılan mənzillərdə də müəyyən şərtlər var: binanın ili təzə olmalı və çıxarışı olmalıdır: “Digər məsələlər də var ki, bu qaydalar bütün binalara tədbiq olunur. Amma hər binada çıxarış olmadığına görə, bütün binalar kredit yolu ilə satıla bilmir”.
Müsahibimizin sözlərinə görə, vəziyyət onu göstərir ki, yenə qiymətlər artacaq, amma, bazarda alıcı qabiliyyəti aşağıdır: “Bütün şirkətlər bazarda stabillik olmasını gözləyir. Bu gün hansısa şirkət Bakının mərkəzi ərazisində bir bina inşa etsə, məcbur kvadratını 1800 manata satmalıdır. Amma həmin ərazidə ötən illərdən tikilmiş hazır kvadratı 1200-1300 manatlıq mənzillər var. O mənzillər yeni tikilmiş mənzillərə problem yaradır və satışı səngidir. Həm də vətəndaşların alıcılıq qabiliyyəti olmaldır. Bazarda mənzil qiymətləri heç alıcıların aylıq maaşı ilə üst üstə düşmür. Qiymətlər fantastik dərəcədə bahadır. Minimal və orta əməkhaqqı alan bir vətəndaş kreditlə belə mənzil ala bilmir. Çünki kredit şərtləri onun aldığı məvaciblə üst-üstə düşmür”.
Elnur Fərzəliyev onu da deyib ki, qiymətlərin dəqiq artıb-artmayacağı bir müddət sonra bəlli olacaq: “Çünki tək yeni tikili binalarda yox, köhnə binalarda da qiymətlər artmışdı. Xüsusən, dörd-beşmərtəbəli binalar ipoteka predmentinə çevrilə bilmir. Amma pilot layihələrdə qiymətləri süni surətdə artırıblar. Süni sürətdə qalxmış qiymətlərin enməsinə ehtiyac var”.
Aytac Aslan
















