1988-ci ildən başlayaraq ermənilərin və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ilə nəticələnən, şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin genosidinə və eyni zamanda, ekoloji terrora (ekoterrorizm) səbəb olub.
İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olub.
“Keçən əsrin ikinci yarısında transmilli şirkətlərin fəaliyyət və təsir dairəsinin genişlənməsi qloballaşma dövrünün zərurəti kimi özünü göstərirdi. Qloballaşma tərəfdarları bu prosesi təbliğ etsələr də az sonra onun fəsadları da üzə çıxdı. Ən böyük fəsad isə təbiətə və dolayısı ilə bütövlükdə Yer kürəsinə və onun üzərində yaşayan insanlığa qarşı ciddi təhlükə yaratması oldu. Məhz bu səbəbdən ekoloji siyasət beynəlxalq miqyasda ən populyar istiqamətə çevrildi”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
O qeyd edib ki, indi dünyada ekoloji fəlakət təhlükəsi hamını narahat edir və buna görə də dövlətlər bu istiqamətdə ildən ilə daha çox səylər göstərirlər: “Belə bir zamanda Ermənistan tərəfindən torpaqlarımızı işğal etdikdən sonra ölkəmizə qarşı həyata keçirilmiş ekoloji terror Azərbaycanın təbiətinə sağalmaz yaralar vurub. İşğal olunmuş ərazilərdə meşələrin qırılması, yandırılması, təbii ehtiyatların qeyri-qanuni şəkildə və beynəlxalq standartlara uyğun olmayan qaydada istismarı, nəticədə torpaqların, çayların və təbii su mənbələrinin çirkləndirilməsi Qarabağ və Şərqi Zəngəzur rayonlarını ekoloji fəlakət vəziyyətinə gətirib. Ərazilərin təbii flora və faunası demək olar ki, tamamilə məhv edilib”.
Deputat deyib ki, Ermənistan bütün işğal dövründə Sərsəng su anbarından ölkəmizə qarşı şantaj aləti kimi istifadə edib: “Suvarma mövsümündə Azərbaycanın nəzarətində olan torpaqlara suyun axınını dayandıran ermənilər məhsul yığımı dövründə qəsdən suyu açır və bununla da əkin sahələrinə külli miqdarda ziyan vururdular. Bəzi hallarda isə bizim tərəfimizə axıdılan suya minalar atılır və suyun aşağı axarlarında bu minalar sudan istifadə edən əkinçilərin həlak olmasına səbəb olurdu.
Odur ki, torpaqlarımız azad olunduqdan dərhal sonra dövlət ilk növbədə ərazilərin minalardan təmizlənməsi və reabilitasiyası prosesinə başladı”.
C.Feyziyev bildirib ki, bu gün də Qarabağın ermənilər yaşayan ərazisində ölkəmizə məxsus qızıl, mis və molibden yataqlarının qayri- qanuni istismarı nəticəsində həmin ərazidə ekoloji fəlakət yaşanır: “Ekologiya fəallarının Şuşa-Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyaları da məhz bu səbəbdən başlanıb. Azərbaycan dövləti və cəmiyyəti ekoloji tarazlığın qorunmasına yönələn bütün tədbirləri dəstəkləyir. Bu da təbiidir, çünki bütün dünyada ekoloji hərəkatların fəaliyyəti hansısa siyasi və ya iqtisadi maraqdan yox, bütövlükdə bəşəriyyətin gələcəyi üçün doğan narahatlıqdan irəli gəlir. Əminəm ki, Azərbaycan ekoloqlarının narahatlığını qlobal ekoloji təşkilatlar da yaxşı anlayır və bölüşürlər”.
Ramid İbrahimov
















