Onun nə beyni, nə də sinir sistemi var. Buna baxmayaraq, labirintdən ən qısa yolu tapa, keçdiyi yerləri ayırd edə və ətraf mühitdəki dəyişikliklərə uyğun olaraq davranışını dəyişə bilər. Bu qeyri-adi orqanizm - Physarum polycephalum - elmi dünyada beynin həqiqətən zəka üçün lazım olub-olmadığı ilə bağlı müzakirəni yenidən alovlandırdı.
Bakıvaxtı.az xəbər verir ki, “The Guardian” qəzetinin əhatəli hesabatına görə, təxminən 40 ildir sarı selikli kif növü olan Physarum polycephalum üzərində aparılan tədqiqatlar alimlərin zəka və yaddaş haqqında mövcud fərziyyələri şübhə altına almasına səbəb olur.
Meşələrdə çürümüş yarpaqlarda və ağaclarda görünən Phyysarum ilk baxışdan olduqca sadə bir orqanizm kimi görünür. Lakin onu qeyri-adi edən onun davranışıdır.
Orqanizmin beyni, neyronları və ya mərkəzi sinir sistemi yoxdur. Buna baxmayaraq, o, qidanın yerini hiss edə, ətrafını araşdıra və daha səmərəli yollara gedə bilər.
Alimləri çaşdıran əsas sual budur: Beyni olmayan bir orqanizm buna necə nail olur? Yapon alimi Toşiyuki Nakaqakinin Physarum üzərində apardığı təcrübələr müzakirədə dönüş nöqtəsi olub.
2000-ci ildə dərc edilmiş bir təcrübədə orqanizm qidaya çatmaq üçün labirintdə müxtəlif hissələrə yayılıb. Daha sonra qida nöqtələrini birləşdirən ən qısa yolu saxlayaraq lazımsız yollardan qaçıb.
Bu davranış tədqiqatçıları Physarum-un problem həll etmə qabiliyyətinə malik olub-olmadığını müzakirə etməyə vadar edib.
İllər sonra daha da diqqətəlayiq bir hadisə baş verib.
Tədqiqatçılar Tokio və ətrafındakı 35 yaşayış məntəqəsini təmsil etmək üçün yulaf dənələrini düzüblər. Physarum qidaya çatmaq üçün nazik borular şəbəkəsi hazırlayıb.
Yaranan şəbəkənin Tokionun əsl dəmir yolu sisteminə təəccüblü dərəcədə bənzər səmərəli bir quruluş olduğu aşkar edilib.
Tədqiqatçılar hətta orqanizmin yaratdığı bəzi əlaqələrin mövcud nəqliyyat şəbəkəsindən daha səmərəli ola biləcəyini düşünüblər.
Physarum-un qabiliyyətləri bununla məhdudlaşmır. Tədqiqatlar göstərir ki, orqanizm hərəkət edərkən geridə qoyduğu selikli maddəni ətraf mühitin "yaddaşı" kimi istifadə edə bilər.
Əvvəllər keçdiyi ərazilərdə qoyduğu izləri tanımaqla, eyni ərazini yenidən axtarmaqdan qaçına bilər. Təcrübələrdə həmçinin Physarum-un öz izlərini digər növlərin qoyduğu izlərdən ayırd edə bildiyi müşahidə edilib.
Başqa bir təcrübədə, orqanizm müəyyən fasilələrlə soyuq və quru havaya məruz qalıb. Üç təkrardan sonra, eyni mənfi şərtlər tətbiq edilməsə də, gözlənilən vaxtda hərəkətini yavaşladıb.
Alimlər hələ orqanizmin vaxtı necə izləyə biləcəyini tam izah edə bilmirlər.
Lakin Physarum-un bu davranışlarının "zəka", "öyrənmə" və ya "yaddaş" adlandırıla biləcəyi elmi dünyada ciddi müzakirələrə səbəb olur.
Bəzi tədqiqatçılar iddia edirlər ki, zəka yalnız beyin və neyronları olan orqanizmlərlə məhdudlaşmamalıdır. Bu baxışa görə, hətta təkhüceyrəli orqanizmlər də ətraf mühitdən məlumat ala və davranışlarını buna uyğun olaraq dəyişdirə bilərlər.
Lakin əks fikirli alimlər hesab edirlər ki, bu davranışları "zəka" adlandırmaq insan anlayışlarını digər canlılara ötürmək deməkdir və ictimaiyyəti çaşdıra bilər.
Müzakirənin əsas sualı olduqca təəccüblüdür:
Zəka həqiqətən beynin məhsuludur, yoxsa həyatın daha fundamental xüsusiyyətidir?
Fiysarumun cavabı alimlərin təkcə sadə orqanizmlərə deyil, həm də insan zəkasına və hətta süni intellektə baxışını dəyişə bilər.
Nərgiz Məmmədli
















