“BMT-nin son illərdəki qeyri obyektiv fəaliyyəti təkcə Azərbaycan ictimaiyyəti arasında deyil, eyni zamanda dünya ictimaiyyətinin də etimadının itirilməsi deməkdir”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, dünyanın ən böyük beynəlxalq təşkilatı olan bu qurumun əslində fəaliyyətə başladığı ilk illərdən qəbul etdiyi bir sıra qərarlarda ciddi yalnışlıqlar müşahidə edilirdi. Deputat qeyd edib ki, bəzi hallarda isə qəbul etdiyi çoxsaylı sənədlər yerinə yetirilməyərək elə kağız üzərində qalırdı. BMT-nin son illərdəki fəaliyyəti, qəbul etdiyi qeyri-obyektiv qərarları və dünyada baş verən geosiyasi proseslərə ədalətsiz münasibəti onun nüfuzuna kölgə salır: "Elə bunun nəticəsidir ki, qardaş Türkiyənin Cumhurbaşkanı Rəcəb Təyyub Ərdoğan hər fürsətdə “dünya beşdən böyükdür” fikirlərini səsləndirərək bu təşkilatı sərt tənqid edir. Eləcə də Qoşulmama Hərəkatının hazırkı sədri, Azərbaycan prezidenti İlham Əliyev müxtəlif mötəbər tədbirlərdə BMT-nin zamanın çağırışlarına uyğun gəlməyən bir qurum adlandıraraq, bu təşkilatın həm strukturunun və həm də fəaliyyət mexanizminin təcili təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib”.
Müsahibimiz hesab edir ki, Azərbaycan xalqı BMT-nin ədalətsiz, ikilistandartlar çərçivəsindəki fəaliyyətindən ən çox əziyyət çəkən ölkələrdəndir. Belə ki, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin 20%-nin və əhalisinin bir milyondan çoxunun qaçqın olduğu otuz il ərzində BMT TŞ-nın dörd qətnaməsi olsa da ötən dövr ərzinfə bu təşkilat ən azı öz nüfuzunu qorumaq naminə bir addım belə atmadı: “Fəxrlə qeyd etməliyik ki, bu qətnamələr Azərbaycanın Ali Bzş Komandanının və Müzəffər Milli Ordumuzun qəhrəmanlığı ilə 44 günlük Vətən müharinəsində həyata keçirildi".

Məlahət İbrahimqızı: BMT-nin növbəti qeyri-obyektiv fəaliyyəti göz qabağındadır
M.İbrahimqızının sözlərinə görə, bu günlərdə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertlərin heç bir həqiqi fakta əsaslanmadan guya Azərbaycan tərəfindən "Laçın dəhlizi"nin blokadada saxlandığı və Qarabağda "gərgin humanitar vəziyyət" yarandığı iddiası da çıxış etmələri də bu təşkilatın növbəti qeyri-obyektiv fəaliyyətinə nümunədir: "Qeyd etdiyim kimi, 30 il ərzində erməni işğalına göz yuman bu təşkilatın nümayəndələri tərəfindən belə qərəzli fikir səsləndirməsi bir daha göstərir ki, BMT və onun ayrı-ayrı qurumları erməni diasporunun maliyyəsi ilə fəaliyyət göstərən erməni lobbiçilərinin ciddi təsiri altındadır. Ötən dövr ərzində, beynəlxalq hüququn bütün prinsiplərinə riayət edən Azərbaycan indi də öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib, ermənilərə isə humanitar yüklərin daşınması üçün daha əlverişli Ağdam-Xankəndi yolundan istifadə etmələri təklifini irəli sürüb. Daha dəqiq ifadə etsək, həmin ərazilərdə heç bir blokadadan və humanitar böhrandan söhbət gedə bilməz. Bununla bərabər xatırlatmalıyıq ki, Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında Ermənistanın bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd edilib və Ermənistanın növbəti şər və böhtan iddialarının əsassız olduğu bir daha sübut edilib. Beynəlxalq Ədalət Məhkəməsinin belə bir obyektiv qərarından sonra erməni lobbisinin təsirində olan ermənipərəst ekspert və məruzəçilərin bölgədə "gərgin humanitar vəziyyət"in hökm sürməsi fikirlərini səsləndirməsi BMT-nin nüfuzuna getdikcə daha çox xələl gətirir".
Onun sözlərinə görə, məlumdur ki, aparılan bütün müşahidələrdə Azərbaycan tərəfindən Xankəndinin erməni sakinlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi tam və sərbəst şəkildə heç bir maneə olmadan təmin olunub: “Bu mənada məruzələrdə yəni "blokada", "humanitar böhran" kimi ifadələrdən istifadə edilməsi bir daha BMT üzərində də erməni revanşistlərinin və saxtakar erməni diasporunun təsirini göstərir. Eyni zamanda bu münasibət Ermənistan tərəfinin ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə həyata keçirdiyi növbəti manipulyasiyanı bir daha sübut edir”.
Həmsöhbətimiz qeyd edib ki, həqiqətən də dünyanın ən böyük təşkilatı olan BMT-nin İnsan Hüquqları Şurasını təmsil edən məruzəçilərin ermənipərəst və qərəzli mövqeləri qəbul edilməzdir və reallığın tam əksinədir. Nəzərə alsaq ki, BMT-də səslənmiş bu fikirlər Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesində, sülh müqaviləsinin imzalanmağa hazırlaşdığı dövrdə baş verir, BMT kimi “mötəbər” beynəlxalq təşkilatın qlobal sülhün müdafiəçisi olduğunun ancaq sözdə olmasını göstərir.
Xəyalə Rza














jpg-1694243467.webp)

