2 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Timor Leste Demokratik Respublikasının xarici işlər və əməkdaşlıq naziri Adaljiza Magno ilə görüşüb.
XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə. görüş zamanı, Azərbaycan və Timor Leste arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişafı perspektivləri müzakirə mövzusu olub.
Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, habelə QH çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məsələsində qarşılıqlı razılıq ifadə olunub.
Timor Leste Demokratik Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Adaljiza Magno dövlətinin Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini və ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O eyni zamanda, QH Zirvə Görüşünün uğurlu təşkilinə görə minnətdarlığını bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu olub.
















