Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsi zonasında vəziyyət kəskin şəkildə gərginləşib.
Fələstinin hərbiləşdirilmiş təşkilat olan HƏMAS İsraillin müxtəlif ərazilərinə minlərlə raket atdığı bildirilib.
İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Def İsrailə qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib. O qeyd edib ki, yəhudi dövlətinə 5 min raket atılıb və bu, “Əqsa tufanı” əməliyyatının başlanmasından xəbər verir.
BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul etməyib.
“Dəmir qılınclar” və “Əqsa tufanı” Qafqazda toqquşa bilər?
Milli Məclisin deputatı Rüfət Quliyev Bakıvaxtı.az-a bildirib ki, Yaxın Şərqdə baş verənlər BMT-nin gücsüzlüyünü, dişsizliyini göstərir.

"Məsələn, 30 il ərzində davam edən Qarabağ probleminin həllində BMT nə edə bildi? Heç nə edə bilmədi. İsraillə Fələstin arasında problem 60 ildir davam edir. BMT qərarını icra etdirə bilmir. BMT boş-boş qərarlar verməklə məşğuldur. Qərarlar həyata keçirilməlidir", - deyə R.Quliyev bildirib.
O qeyd edib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsi zonasında mülki vətəndaşlara qarşı zorakılığı pisləyir: "Terror aktlarını, mülki insanların hədəfə alınmasını pisləyirik. Bu kimi hadisələr bizim siyasətimizə də ziddir, beynəlxalq qanunlara da ziddir. Əgər İran HƏMAS və Livandakı "Hizbullah" Hərəkatını dəstəkləsə, İsrail və Amerika buna biganə qalmayacaq. İran bizim qonşumuzdur. Əgər İran üçün problemlə başlasa, bizim üçün də yaxşı olmayacaq. İsrail silahlı qüvvələri dünyada bəlkə də ilk onluqdadır. Bizim regionda İsrail həm texnoloji, həm də hərbi təminat tərəfdən birinci yerdədirlər. Mən hesab edirəm ki, HƏMAS və "Hizbullh"a sona kimi mübarizə apara bilməyəcək. Bu, məntiqə uyğun deyil. İnsanlar tələf olur, yaşayış və qeyri-yaşayış binaları, infrastruktur dağılır. Odur ki, müharibə ən pis haldır. Məsələnin kökündən həll olunması üçün BMT-nin qərarı icra olunmalıdır və müharibə dayanmalıdır. Bütün məsələləri sülh yolu ilə həll etməyə çalışmaq lazımdır. İsraildə baş verənləri diqqətlə izləyirik. Ekspertlərin şərhlərinə baxıram. Belə qənaətə gəlirəm ki, İsrail sona kimi davam edəcək. Çünki İsraildə 600 nəfərdən çox mülki şəxs həlak olub, 2000 çox insan yaralanıb".
Ramid İbrahimov
















