Qadınlarda orta dərəcədə balıq və dəniz məhsulları istehlakının ümumi ölüm nisbətinin azalmasına səbəb olduğu müəyyən edilib.
Bakıvaxtı.az "The Journal of Nutrition" jurnalına istinadən xəbər verir ki, alimlər 90 944 Yaponiya sakininin sağlamlıq vəziyyətini orta hesabla 20,8 il ərzində izləyərək onların məlumatlarını təhlil ediblər. Bu müddət ərzində tədqiqat iştirakçılarından 26 976 nəfər vəfat edib.
Tədqiqatçılara görə, tez-tez omeqa-3 yağ turşuları ilə zəngin balıq yeyən qadınların serebrovaskulyar xəstəliklərdən ölmə ehtimalı təxminən 19% daha azdır. Bu əlaqə ən çox qızılbalıq, sardina və skumbriya kimi yağlı balıq növlərində özünü göstərib. Kişilərdə ümumi dəniz məhsulları qəbulu ölüm nisbətinə təsir etməsə də, duzsuz balıq və dəniz məhsullarının istehlakı beyin-damar xəstəliklərindən ölüm riskini azaldır.
Tədqiqatın müəllifləri hesab edirlər ki, təkcə balığın növü deyil, həm də emal üsulu vacibdir. Duzlu qidalarda çoxlu miqdarda natrium var və onun artıqlığı qan təzyiqini qaldırır və ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.
Gülşən Şərif
















