"Heç zaman ölkədə hər şeyin bərbad olduğunu demək fikrində olmamışam".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, xeyli, az qala yüz faiz şəffaf işləyən dövlət qurumları da var: "İş adamlarından aldığım məlumat deməyə əsas verir ki, qanunu bilən və vergini şəffaf ödəmək, vicdanlı iş adamı olmaq istəyənlər üçün Vergi xidməti ən ciddi şəfaflıq nümayiş etdirən xidmətlərdən biridir".
Deputat qeyd edib ki, elə iş adamları, müəssisələr var ki, vergi məmurunun simasını 3-4 il əvvəl görüb: "Mən bunu alqışlayıram. Yaxşıların da, problemlərin də konkret deyilməsi vacibliyini bilirəm".
R.Nurullayev bildirib ki, keçən dəfə pilot tikinti barədə danışıb və artıq bir neçə sahibkarın problemləri həll olunmağa doğru gedir: "Bu, məni sevindirir. Elə buradan bütün iş adamlarına müraciət edirəm ki, konkret problemləri və narahatlıqları ilə bağlı müraciət etsinlər. Əmin olun ki, ölkəmizdə problemlərin həlli üçün də ciddi imkan pəncərələri yaradılıb, sadəcə onları düzgün seçib müraciət etmək gərəkdir".
Nuranə Daxilqızı















