Söz kainatın səsi, insan qəlbinin aynasıdır. Bəzən zərgər dəqiqliyi ilə cilalanar, bəzən də heç vaxt ovuna çevrilməyən çətin bir daş kimi parıldar.
Ancaq hər söz özündə bir güc daşıyır - ya qurub-yaradacaq, ya da yıxıb-dağıdaacaq. Dilimizin əvəzsiz sərvəti olan bu sözlər, sənətkarın əlində sehrə çevrilir, insanı zaman və məkan sərhədlərindən kənara aparır. Amma bu sehri qoruya bilməsək, nə baş verər? Sözlərin qəddinin büküldüyü, məna dərinliyinin yox olduğu bir dünyada sənət hara gedir?
Bu gün "sənət adamları" adlanan bir kütlənin dilimizə etdikləri, sanki bir zamanlar ulu babalarımızın qılıncla qoruduğu torpaqları yenidən viran qoymağa bənzəyir. Sözlər təhrif olunur, dəyərsizləşir, ticarət obyektinə çevrilir. Bu, sadəcə bir dil problemi deyil, həm də bir ruh və mənəviyyat yarasıdır.
Bəs problemin kökü nədir? Necə oldu ki, əsrlərin dərinliklərindən gələn incə söz mədəniyyəti, bu gün ucuz və bayağı bir nümayişə çevrildi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən filoloq Ruslan Mustafayev bildirib ki, Azərbaycan dilinin zənginliyi və ifadə dərinliyi əsrlər boyunca xalqımızın ədəbiyyatında, musiqisində və sənətində öz əksini tapıb. Bu dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixini, mədəniyyətini və mənəvi irsini özündə yaşadan bir xəzinədir. Lakin son dövrlərdə müşahidə edilən problemlər, dilin bu fundamental funksiyasını ciddi şəkildə təhlükə altına alır. Problemin kökündə duran səbəblər çoxşaxəlidir və onların bir çoxu sistemli yanaşma tələb edir:
"Birinci növbədə, dilin tədrisindəki zəiflik və ədəbi mədəniyyətin yeni nəsillərə düzgün ötürülməməsi əsas problemlərdən biridir. Məktəblərdə ana dilinə olan diqqətin azlığı, təhsil proqramlarında Azərbaycan ədəbiyyatının dərinliklərinə varmağa şərait yaradılmaması dilin bayağılaşmasına səbəb olur. Dil öyrənmək sadəcə qrammatika bilmək deyil, xalqın düşüncə tərzini, hisslərini ifadə etmək vasitəsidir. Bu, tədris prosesində unudulmamalıdır".
Ruslan Mustafayev: Dilçilik problemlərində sosial medianın rolu böyükdür
Mütəxəssis qeyd edib ki, digər mühüm amil, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə dilin qeyri-düzgün istifadə olunmasıdır:
"Müasir dövrdə insanlar dil ilə ilk təmaslarını məktəbdən çox sosial platformalarda qururlar. Təəssüf ki, bu platformalarda Azərbaycan dilinin lüğət zənginliyi və incəliyi çox vaxt arxa plana keçir. Xüsusilə televiziya və internetdə yayımlanan bəzi materiallar dili təhrif edir, ifadələrin yanlış istifadəsi ilə dilin mənasını daraldır. Bu, həm dilimizin təbii inkişafına mane olur, həm də cəmiyyətin dil mədəniyyətini aşağı salır".
Ruslan Mustafayevin fikrincə, dilin bayağılaşdırılmasının əsas səbəblərindən biri də sənətkarların, xüsusilə də populyar mədəniyyət nümayəndələrinin məsuliyyətsiz yanaşmasıdır:
"Musiqi, şeir və ya səhnə əsərləri vasitəsilə milyonlara təsir etmək imkanı olan şəxslər dilin qorunması üçün öncül rol oynamalıdır. Lakin bəzi hallarda sənətkarların əsərlərində istifadə olunan dil, bayağı ifadələr və məna zənginliyindən məhrum cümlələrlə doludur. Bu, həm xalqın estetik zövqünü aşağı salır, həm də dilin nüfuzuna xələl gətirir".
Filoloqun sözlərinə görə, bu problemlərin həlli üçün dilin tədrisi və istifadəsində ciddi islahatlara ehtiyac var:
"Dilimizi sadəcə kommunikasiya vasitəsi kimi deyil, milli kimliyimizin ən dəyərli göstəricisi olaraq qəbul etməliyik. Bunun üçün məktəblərdə və universitetlərdə ana dili və ədəbiyyat dərslərinin tədrisinə xüsusi diqqət yetirilməlidir. Bundan başqa, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə dilin düzgün istifadəsini təşviq edən maarifləndirici kampaniyalar keçirilməlidir. Ədəbiyyat və mədəniyyət xadimləri isə öz əsərlərində dilin incəliyini qorumağa və xalqın mənəvi zövqünü inkişaf etdirməyə yönəlmiş işlər görməlidirlər".
Ruslan Mustafayev dilin bir millətin kimliyini təcəssüm etdirdiyini xatırladaraq əlavə edib ki, hər kəs bu dəyəri qorumağa məsuliyyətlə yanaşmalıdır:
"Söz, düşüncənin güzgüsüdür. Əgər bu güzgü çirklənərsə, cəmiyyətin ruhu da bulanıqlaşar. Dilimizi sevmək və qorumaq sadəcə keçmişimizə hörmət deyil, həm də gələcək nəsillərə ən böyük mirasımızı çatdırmaq deməkdir".
Əli Hüseynov