Bir insan bir kadra milyonlarla görüntü sığdıra bilər. Əsas məsələ kameraya sığan görüntülər yox, onun mənasıdır, daxili obrazlılığıdır, əhəmiyyətidir.
Çingizi də fərqli edən məhz bu idi - onun kamerasının dərinliklərində yatan obrazlar və hadisələr özündə bir çox şeyi təcəssüm edirdi.
Axtaran gözümüz idi Çingiz... O, həqiqət və azadlıq axtarışında idi. Vətən sevgisini əbədi olaraq videokameranın yaddaşına həkk edib nəsillərə sərvət buraxmaqla Çingiz öz həqiqətinə çata bildi.
Həm də bir səs idi Çingiz... Haqqın səsi idi. Azərbaycanın harayı idi o. Ədaləti və doğruluğu kamerasının obyektivi ilə bütün dünyaya nümayiş etdirmək kimi şərəf dolu missiya məhz ona nəsib olmuşdu.
Ürəkli idi Çingiz... O, kamerada çəkdiklərini tək obyektivin gözü ilə görmürdü, ürəyinin dərinlikləri ilə hiss edirdi.
Onun Qarabağdakı ezamiyyəti zamanı yanında olanlar deyir ki, sanki o, buraları əlinin içi kimi tanıyırdı. Elə bil ki, buralı idi.
İnsanın ruhu hiss edirmiş. Hiss edirmiş ki, bu ezamiyyət onun üçün qısamüddətli olmayacaq, bir gün o, Qarabağın sakininə çevriləcək.
Bu ezamiyyət onun üçün təkcə peşə səfəri yox, taleyin sınağı idi. Çingiz hər addımında, hər nəfəsində bu sınağı ləyaqətlə keçə bildi. Onun kamerası təkcə hadisələri çəkmirdi, həm də həyatın özü ilə savaşa girirdi.
Bəli... Çingiz üçün bu ezamiyyət sona çatmadı - əbədi ezamiyyətə çevrildi. O, hələ də bu torpaqların üstündə gəzir, hər bir azərbaycanlının gözündə, ürəyində yaşayır.
Çingiz Mustafayev öz ömrü ilə bir dastan yazdı. Lakin bu dastan xalqın şüurundan gələn fikirlərdən ibarət deyil - hər şey həqiqi və realdır. Onun hər bir görüntüsü, hər bir sözü bir çağırış, bir nida, bir dastan idi.
Çingiz Mustafayevin ruhu bu torpağın hər qarışında bizimlədir. Onun səsi zamanın sükutunda hələ də yanğılanır.
O səs bizə vətənimizin, tariximizin nə qədər dəyərli olduğunu xatırladır.
Çingiz Mustafayev – əbədi ezamiyyətdə, əbədi xatirəmizdə, əbədi yaddaşımızdadır...
Doğum günün mübarək, qəhrəman!
Əli Hüseynov
















