Fransa Milli Assambleyasının (parlamentin aşağı palatasının) deputatları qarşıdan gələn 2026-cı ilin büdcəsi ilə bağlı qanun layihəsini, demək olar ki, yekdilliklə rədd ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə gazeta.ru məlumat verib.
Qəbul edilmiş düzəlişlərlə büdcə layihəsinin lehinə yalnız bir deputat səs verib, 404 nəfər əleyhinə çıxıb. Mərkəzçi Demokratik Hərəkatın və prezidentin "Renessans" partiyasının 84 nümayəndəsi bitərəf qalıb. Qanunvericilərin çoxu lap əvvəldən bildiriblər ki, düzəlişlərlə ərsəyə gətirilmiş bu "Frankenşteyn qanunu layihəsi"ni dəstəkləməyəcək. Məsələn, mərkəzçilərə görə, büdcə layihəsinə həddindən çox əlavə vergilər və rüsumlar daxil edilib, Sosialist Partiyasının nümayəndələri isə bunları yetərli hesab etməyiblər.
"Nəticədə, elə bir mətn ortaya çıxarmışıq ki, o heç kimin xoşuna gələ bilməzdi, daha dəqiq desək, heç kəsin xoşuna gəlmədi", - deyə Milli Assambleyanın maliyyə komitəsinin sədri Erik Kokrel iclasda qeyd edib.
Bildirilir ki, bir halda ki, deputatlar büdcənin birinci (gəlir) hissəsini qəbul etməyiblər, deməli, ikinci (xərc) hissəsi üzrə də səsvermə keçirilməyəcək. Qanun layihəsinin 125 saatlıq müzakirələr nəticəsində edilən düzəlişlərin nəzərə alınmadığı ilkin redaksiyası respublika Senatına göndəriləcək. Bundan sonra sənəd yekun razılaşdırma üçün yenidən Milli Assambleyaya göndəriləcək.
Fransa Konstitusiyasına görə, parlament büdcənin müzakirəsini 23 dekabra qədər başa çatdırmalıdır, əks halda hökumət qanun layihəsini öz istədiyi kimi (düzəlişlərlə və ya düzəlişlərsiz) qəbul edəcək.
Bakı 



