• Bakı 11° C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Gənclər niyə "pis işlər"lə məşğul olur? - Sosioloq həll yolları göstərir

CƏMİYYƏT

16 Fevral 2026 | 15:17

Gənclər niyə pis işlərlə məşğul olur? - Sosioloq həll yolları göstərir

Müasir dövrdə gənclərin sosial həyatda fəal iştirakı, onların inkişafı və cəmiyyətə inteqrasiyası üçün əsas şərtlərdən biridir. Lakin bir çox hallarda sosial, mədəni və yaradıcılıq məkanlarının məhdudluğu gənclərin asudə vaxtının səmərəli təşkilinə mane olur.

Bu çatışmazlıq yalnız onların şəxsi inkişaf imkanlarını məhdudlaşdırmır, həm də qeyri-formal və bəzən mənfi yönümlü fəaliyyətlərə yönəlmə riskini artırır.

Bu səbəbdən gənclərin sosial fəallığını gücləndirən yeni mexanizmlərin tətbiqi, eləcə də dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir. Mövzu həm sosial siyasət, həm də gənclərin rifahı baxımından strateji əhəmiyyət daşıyır.

Gənclər üçün sosial fəallığı artıracaq mexanizmlər hansılardır və dövlət–özəl sektor əməkdaşlığı bu sahədə necə rol oynaya bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev xatırladıb ki,  gənclər Azərbaycan cəmiyyətinin təqribən 21–22 faizini təşkil edir: 

"Son 10 ilin statistik göstəricilərinə baxsaq, gənclərin sayında azalma müşahidə olunur. Çünki 10 il əvvəl gənclər əhalinin təxminən 29–30 faizini təşkil edirdi".

Onun sözlərinə görə, gənclərin məşğulluğu və asudə vaxtının təşkili çox ciddi məsələlərdəndir. Çünki söhbət bizim gələcəyimizdən gedir. Bu gələcək nə qədər sağlam və keyfiyyətli formalaşarsa, Azərbaycan cəmiyyətinin də keyfiyyət göstəricisi bir o qədər yüksək olar. Gənclərin asudə vaxtının düzgün təşkili və məşğulluğunun təmin olunması dövlətimizin əsas sosial prioritetlərindən və strateji istiqamətlərindən biridir.

"Əgər gənclər sağlam sosiallaşma institutları ilə formalaşmasalar, onların məşğulluğu təmin olunmasa və asudə vaxtları düzgün planlaşdırılmasa, bu, deviant və delinkvent davranışlara meyli artırır. Üstəlik, gənclər əhalinin əsas hissəsini təşkil etdiyinə görə müxtəlif maraq qruplarının da diqqət mərkəzindədir. Azərbaycana qarşı qeyri-sağlam münasibəti olan mərkəzlər gənclərdən müxtəlif məqsədlərlə istifadə etməyə çalışırlar. Bu təsirlər dini, kompensasion və ya digər istiqamətlərdə ola bilər",- müsahibimiz deyib.

Həmsöhbətimiz onu da bildirib ki, bu məsələ cəmiyyəti narahat etməlidir:

"Gənclər məşğul olmalı, asudə vaxtı düzgün təşkil edilməlidir ki, sağlam olmayan istiqamətlərə yönəlməsinlər və başqa qüvvələrin təsir alətinə çevrilməsinlər. Dövlətimiz bu sahədə böyük addımlar atır: Gənclər Strategiyası mövcuddur, “Gənclər haqqında” Qanun var, Gənclər və İdman Nazirliyi fəaliyyət göstərir. Bakıda olduğu kimi, bölgələrdə də gənclərin asudə vaxtını təmin etmək üçün obyektlər, mərkəzlər açılıb, onların məşğulluğu və mənzil təminatı ilə bağlı müxtəlif addımlar atılır. Bu zəruri tədbirlərdir və davamlı şəkildə həyata keçirilməlidir".

Üzeyir Şəfiyev: Regionlarda gənclər evləri, olimpiya mərkəzləri və digər strukturlar mövcuddur

Üzeyir Şəfiyev əlavə edib ki, dövlət tərəfindən həm paytaxtda, həm də regionlarda gənclər üçün şərait yaradılıb:

"Sadəcə, bu sahədə təşkilati işlər və nəzarət mexanizmi gücləndirilməlidir. Regionlarda gənclər evləri, olimpiya mərkəzləri və digər strukturlar mövcuddur. Ancaq onların fəaliyyətinin mütəmadi olaraq monitorinqi aparılmalı, nə dərəcədə effektiv və funksional olduqları qiymətləndirilməlidir. Yerli icra orqanları, dövlət qurumları və özəl sektor gənclərin məşğulluğu və asudə vaxtının təşkili prosesində daha aktiv iştirak etməlidirlər. Yəni əsas məsələ mövcud imkanların funksionallığının artırılmasıdır".

Sosioloq vurğulayıb ki, bu istiqamətdə daha dayanıqlı və sistemli iş görülməlidir:

"Gənclər üçün mütəmadi olaraq əmək yarmarkaları, məşğulluq marafonları keçirilməli, asudə vaxt üçün kreativ və innovativ mexanizmlər hazırlanmalıdır. Regionların özünəməxsusluğu da nəzərə alınmalıdır: regionlararası yarışlar, intellektual və idman turnirləri, yaradıcı gənclər üçün sərgilər, region–paytaxt formatında müxtəlif müsabiqələr təşkil oluna bilər. Bu tədbirlər həm region həyatını canlandırar, həm paytaxta gənc axınının qarşısını alar, həm də ümumi inkişafı sürətləndirər".

Sond o əlavə edib ki, son illər regionlardan paytaxta gənclərin axını artıb, kəndlər boşalır və əsasən yaşlılar orada qalır: 

"Bunun qarşısını almaq üçün region və kəndlərdə gənclərin məşğulluq, asudə vaxt və mənəvi ehtiyaclarını ödəyəcək şərait yaradılmalıdır. Rayon mərkəzləri paytaxtla müəyyən qədər rəqabət apara biləcək səviyyəyə gətirilməlidir ki, gənclər Bakıya köçmədən öz kənd və rayonlarında işləyə və fəaliyyət göstərə bilsinlər - istər sahibkarlıq, istər kənd təsərrüfatı, istərsə də digər fəaliyyət sahələrində".

Əli Hüseynov


SON XƏBƏRLƏR