Gürcüstan Milli Bankının rəhbəri vəzifəsini icra edən Natia Turnava rəsmi olaraq onun prezidenti təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərarı Gürcüstan prezidenti Mixeil Kavelaşvili imzalayıb.
Turnava 2023-cü ilin iyun ayından Milli Bankın rəhbəri vəzifəsini icra edir. O, 2022-ci ilin iyununda Milli Bank Şurasına seçilib.
Natia Turnava 1968-ci il oktyabrın 19-da anadan olub.
1990-cı ildə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib, 1994-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
2014-cü ildə Böyük Britaniyanın Kembric Universitetini bitirərək Biznesin İdarəedilməsi üzrə Magistr dərəcəsi alıb.
1994-1996-cı illərdə Gürcüstan Siyasi Elmlər İnstitutunda aparıcı elmi işçi kimi çalışıb, həmçinin Gürcüstan universitetlərində müxtəlif iqtisadi fənlərdən mühazirələr oxuyub.
1997-2000-ci illərdə Gürcüstan hökumətində dövlət müşaviri, maliyyə və büdcə siyasəti departamentinin rəis müavini, iqtisadi xidmət rəhbərinin müavini, prezidentin parlament katibi vəzifəsini icra edib.
2000-2005-ci illərdə Gürcüstanın iqtisadiyyat nazirinin birinci müavini vəzifəsində çalışıb.
2005-ci ilin mayında o, Gürcüstan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
2005-ci ilin sentyabrından 2006-cı ilin noyabrınadək o, Gürcüstan iqtisadiyyat nazirinin birinci müavini vəzifəsində çalışıb.
Turnava 2013-cü ilin avqustundan 2018-ci ilin sentyabrına qədər Gürcüstanın dövlətə məxsus Tərəfdaşlıq Fondunun icraçı direktorunun müavini olub.
2018-ci ilin sentyabrından 2019-cu ilin aprelinə qədər o, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini vəzifəsini tutub.
2019-cu ilin aprelində o, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri təyin edilib və 2022-ci ilin fevralında bu vəzifəni tərk edib.