Müasir dövrdə sağlam həyat tərzinin təşviqi, gənclərin sosial inteqrasiyası və fiziki inkişafı üçün əlçatan idman infrastrukturu əsas şərtlərdən biridir.
Xüsusilə regionlarda idman zallarının və açıq idman meydançalarının çatışmazlığı gənclərin fiziki aktivliyini məhdudlaşdırır, onların sağlamlıq göstəricilərinə, sosiallaşmasına və asudə vaxtın səmərəli keçirilməsinə mənfi təsir göstərir. İnfrastrukturun qeyri-bərabər paylanması təkcə sosial inkişafda boşluqlar yaratmır, həm də müxtəlif bölgələr arasında imkan fərqlərini dərinləşdirir.
Bu vəziyyət ölkə üzrə balanslı inkişafın təmin edilməsini, regionlarda idmana marağın artırılmasını və gənclərin idmana yönləndirilməsini çətinləşdirir. Bu səbəbdən idman infrastrukturu ilə bağlı daha məqsədyönlü, uzunmüddətli və kompleks strateji yanaşmanın hazırlanması vacibdir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən idman jurnalisti Mehman Süleymanov deyib ki, Azərbaycanda idmanın inkişafı üçün yaxşı şərait var və yetərincə idman qurğuları mövcuddur:
"Ən azı, hər rayonda fəaliyyət göstərən Olimpiya İdman komplekslərini nümunə göstərmək olar. Təbii ki, regionlarda idmana maraq da yüksəkdir və yaxşı istedadlar yetişir".

Mehman Süleymanov: Əgər belə xidmətlər ödənişlidirsə, qiymət məsələsinə xüsusi diqqət yetirilməlidir
Həmsöhbətimiz qeyd edib ki, bunun üçün regionlarda idman zallarının, meydançaların və idman qurğularının kifayət qədər olması məsələsinə xüsusi diqqət yetirilir və yetirilməlidir:
"Sadəcə, burada bir məqam var ki, monitorinq aparılmalıdır. Məncə, xüsusilə hansı bölgələrdə bu sahədə fəallıq daha çoxdur və həmin ərazilərdə əlavə idman qurğularına ehtiyac olub-olmadığı müəyyənləşdirilməlidir".
Onun dediyinə görə, ikinci bir məqam həm Olimpiya komplekslərində, həm də ümumilikdə idman qurğularında mövcud olan müəyyən ödənişlərdir:
"Əgər belə xidmətlər ödənişlidirsə, qiymət məsələsinə xüsusi diqqət yetirilməlidir. Çünki regionlarda yaşayış səviyyəsi nəzərə alınmalıdır və elə qiymətlər müəyyənləşdirilməlidir ki, hər kəs üçün münasib olsun. Az təminatlı ailələrin də öz övladlarına sağlam həyat tərzi aşılaması üçün bu qurğulardan istifadə etmək imkanı olmalıdır".
Əli Hüseynov
Bakı 




