• Bakı C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

İnklüziv şəhər modeli: Bakı infrastrukturunda əsas boşluqlar

CƏMİYYƏT

09 Fevral 2026 | 14:17

İnklüziv şəhər modeli: Bakı infrastrukturunda əsas boşluqlar

Şəhər mühitində inklüzivliyin təmin olunması son illər gündəmdə olan əsas urbanistik məsələlərdən biridir. Buna baxmayaraq, əlilliyi olan şəxslərin ictimai məkanlara çıxışı hələ də ciddi infrastruktur maneələri ilə üzləşir.

Mövcud vəziyyət inklüziv şəhər modelinə keçid üçün prioritet addımların və məsuliyyət bölgüsünün yenidən nəzərdən keçirilməsini zəruri edir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakıvaxtı.az-a bildirib ki, inkluzivlik bir prosesdir və hər bir şəhər bu yolun müəyyən mərhələsindədir. Onun sözlərinə görə, inklüzivlik daim təkmilləşdirilməli olan bir istiqamətdir və mövcud problemlərin böyük hissəsi sovet dövründən qalan köhnə standartlarla bağlıdır.

Ekspert qeyd edib ki, həmin dövrdə binaların böyük əksəriyyətində liftlərin quraşdırılması nəzərdə tutulmayıb və bu yanaşma sonradan da dəyişdirilmədən tətbiq edilib. Eyni zamanda, o, əlçatan olmayan yeraltı keçidlər kimi yanlış urbanistik həllərin də məhz sovet standartlarından qaynaqlandığını vurğulayıb:

"Şəhər infrastrukturunda müasir dünya standartlarının tətbiqi qaçılmazdır. Onun fikrincə, ilkin mərhələdə piyada infrastrukturunda baryerlər aradan qaldırılmalı, panduslar qurulmalı, məhəllə girişləri səki səviyyəsində təşkil edilməli, işıqforlarda səsli siqnallar və küçələr boyunca taktil plitələr tətbiq olunmalıdır.

Dövlət bu yanaşmanı standart halına salmalı və yeni infrastruktur layihələrində inklüzivliyi məcburi tələb kimi qoymalıdır. Onun sözlərinə görə, yeni tikililərdə pilləsiz girişlər və baryersiz mühit təmin olunmalı, mövcud infrastruktur isə mərhələli şəkildə transformasiya edilməlidir".

Nəqliyyat məsələsinə toxunan Ağamirzəyev bildirib ki, bu gün aşağı gövdəli avtobuslar və inkluziv standartlara uyğun qatarlar mövcuddur, lakin əsas problem onların dayandığı dayanacaqların və həmin dayanacaqlara aparan yolların uyğun olmamasıdır.

“Nəqliyyat vasitəsi nə qədər müasir olsa da, dayanacaq uyğun deyilsə, davamlı hərəkət mümkün olmayacaq”, - deyə o vurğulayıb.

R.Ağamirzəyevin sözlərinə görə, müasir şəhərlərdə dayanacaqlarda platformalar, bordür həlləri və səviyyə fərqlərini aradan qaldıran konstruksiyalar qurulur ki, bu da avtobuslara rahat minmə-düşmə imkanı yaradır. Bu cür yanaşma yalnız əlillər üçün deyil, uşaqlı valideynlər və yaşlı insanlar üçün də hərəkəti asanlaşdırır.

Şəhər örtüyünün düzgün seçilməsinin də vacibliyinə diqqət çəkən Ağamirzəyev qeyd edib ki, sürüşkən səthlər insanların yıxılmasına və nəticədə ictimai səhiyyə yükünün artmasına səbəb olur. Onun fikrincə, təhlükəsiz örtük həm insan sağlamlığını qoruyur, həm də dövlət xərclərini azaldır.

Rauf Ağamirzəyev: Qısa piyada marşrutları ictimai nəqliyyata üstünlük verilməsinə şərait yaradır

Ekspert həmçinin eyni səviyyəli piyada keçidlərinin sayının artırılmasının vacibliyini vurğulayıb. Dediyinə görə, qısa piyada marşrutları insanların avtomobildən imtina edərək ictimai nəqliyyata üstünlük verməsinə şərait yaradır. Dayanacaqların daha sıx yerləşdirilməsi və təhlükəsiz keçidlərin təşkili bir neçə problemi eyni anda həll edə bilər.

Sonda Ağamirzəyev qeyd edib ki, şəhər əhalisinin qocalması fonunda küçə mebelinin – oturacaqların, istirahət nöqtələrinin yaradılması da inklüzivliyin ayrılmaz hissəsidir. Bu yanaşma həm ictimai məkanların canlanmasına, həm də ətrafdakı bizneslərin aktivliyinin artmasına müsbət təsir göstərir.

Dövlət mövcud standartları yeniləməli və inklüzivlik tələblərini həm yeni tikililər, həm də mövcud binalar üçün məcburi qaydada tətbiq etməlidir. Yeni infrastruktur obyektləri bu tələblərə uyğun şəkildə inşa olunmalı, mövcud tikililər isə sürətli şəkildə transformasiya edilməlidir. Bu prosesdə həm dövlət, həm də özəl sektor üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:

"Eyni zamanda, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Küçəboyu yerləşən obyektlərə izah edilməlidir ki, əlçatanlığın təmin olunması onların potensial müştəri dairəsini genişləndirir. Pandusun, pilləsiz girişin və digər inklüziv elementlərin mövcudluğu yaşlı insanların, uşaqlı valideynlərin və əlilliyi olan şəxslərin həmin obyektlərə rahat daxil olmasına imkan yaradır.

Bu isə öz növbəsində əlavə biznes aktivliyi və dövriyyə deməkdir. Nəticə etibarilə inklüzivlik təkcə sosial məsələ deyil, həm də iqtisadi baxımdan səmərəli və kompleks yanaşma tələb edən bir prosesdir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR