“Hələ bir dəfə də müşahidə etməmişəm ki, İKTA bu məsələlərə münasibət bildirsin”
***
İndiki məqamda hansı daha aktualdır, internetin sürətinin reklamı, yoxsa tələbata uyğun qiymət seçiminin olması?
İKTA yenidən internet sürətinin artması ilə bağlı növbəti hesabatı açıqlayıb. Beynəlxalq reytinqlərdə irəliləyiş vurğulanıb. Sürətin yüksəlməsi, əlbəttə müsbət haldır. Amma…
Dəfələrlə vurğulanıb ki, tənzimləyici qurumun zaman-zaman bu məsələyə fokuslanması, beynəlxalq qurumlara bununla bağlı böyük vəsaitlərin ödənilməsi indiki halda prioritet olmamalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu fikri Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda “yüksək internet sürətini necə əldə edim” sualı aktual deyil və RİNN-in, Aztelekom-un apardığı infrastruktur layihəsilə bu problem öz həllini tapıb:
“Odur ki, İKTA-nın bu tip açıqlamaları, yumşaq desəm əks effekt yaradır. Bu gün istifadəçiləri daha çox düşündürən məsələlər qiymətlərin yüksəkliyi, xüsusilə də tələbata uyğun seçim imkanlarının məhdudluğu, bəzi ərazilərdə rəqabətin zəifliyi, real sürətin vəd edilən göstəriciyə uyğun gəlməsi, kəsintilər və xidmət keyfiyyətidir.
Aktual olan mobil internetin qiymətinin hər gün qalxmasıdır. Hansı ki hələ bir dəfə də müşahidə etməmişəm ki, İKTA bu məsələlərə münasibət bildirsin”.
Osman Gündüz, hətta dövlət operatoru olan Aztelekom-un da minimum qiymətlərinin yüksək olduğunu diqqətə çatdırıb.
“Dövlət operatoru olan Aztelekom hələ də minimal 25 manat taarif məsləsində israrlıdır. Heç bir seçim yeri qoymayıb.
Belə bir mərhələdə beynəlxalq reytinqlərdə neçə pillə yuxarı qalxmağın reklamına və bunun üçün kənar beynəlxalq qurumlara vəsait xərclənməsinə deyil, resursların birbaşa abonentin xeyrinə yönəlməsinə ehtiyac var.
İKTA fərqində olmalıdır ki, əsas mövzu sürət yarışması yox, ədalətli qiymət, seçim azadlığı və keyfiyyətli xidmət olmalıdır”, – deyə o qeyd edib. /tezadlar
Bakı 




